AZ

Həlak olan hərbçilərə görə Venesuelada yeddi günlük matəm elan edilib

Madu­ronun ələ keçirilməsi ilə nəticələnən əməliyyat ölkədə ciddi itkilərə səbəb olub...

Venesuelada ABŞ-nin prezident Nikolas Maduronun ələ keçirilməsi məqsədi ilə keçirdiyi xüsusi əməliyyat zamanı həlak olan hərbçilərə görə ölkədə yeddi günlük ümummilli matəm elan edilib.

Poliqon xəbər verir ki, bu barədə Venesuelada prezident səlahiyyətlərini icra edən Delsi Rodriges açıqlama verib.

Rodrigesin sözlərinə görə, ABŞ qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində Venesuela silahlı qüvvələrinin bir sıra yüksək rütbəli zabitləri daxil olmaqla onlarla hərbçi həyatını itirib. Rəsmi məlumatlara istinad edən Reuters agentliyi hücum zamanı təxminən iyirmiyə yaxın venesuelalı zabitin öldürüldüyünü bildirir.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuela ərazisinə zərbə endirib və əməliyyat nəticəsində prezident Nikolas Maduro və onun həyat yoldaşı saxlanılaraq Nyu-Yorka aparılıb. ABŞ tərəfi onların narkoterrorizm ilə bağlı cinayət ittihamları üzrə məhkəmə qarşısına çıxarılacağını bəyan edib. Venesuela hakimiyyəti isə əməliyyat zamanı Maduronun mühafizə dəstəsinin böyük hissəsinin məhv edildiyini, həmçinin mülki şəxslər arasında da itkilərin olduğunu açıqlayıb.

Hadisələr region ölkələrinin də reaksiyasına səbəb olub. Belə ki, Kuba hökuməti Venesueladakı döyüşlər zamanı həlak olan və ölkədə yerləşən 32 kubalı hərbçi və polis əməkdaşının ölümünü təsdiqləyərək iki günlük milli matəm elan edib. Havana rəsmi bəyanatında ölənlərin Venesuela hakimiyyətinə dəstək məqsədi ilə ölkədə olduqlarını vurğulayıb.

Ekspertlərin fikrincə, ABŞ-nin bu əməliyyatı Latın Amerikası regionunda gərginliyi kəskin şəkildə artırıb və beynəlxalq hüquq müstəvisində ciddi mübahisələrə yol açıb. Venesuela tərəfi baş verənləri suverenliyə açıq müdaxilə kimi qiymətləndirir və beynəlxalq təşkilatları hadisəyə reaksiya verməyə çağırır.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr