Berlin, 7 yanvar, AZƏRTAC
Ukraynanın özünümüdafiə qabiliyyəti həm ölkənin gələcək təhlükəsizliyi, həm də Avroatlantik kollektiv müdafiənin təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu barədə “İstəklilər koalisiyası”nın Parisdə keçirilmiş konfransında qəbul olunan bəyanatda əksini tapıb.
“Biz təsdiq etdik ki, Ukraynanın suverenliyinin və uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi sülh sazişinin ayrılmaz hissəsi olmalıdır və istənilən razılaşma Ukrayna üçün güclü təhlükəsizlik təminatları ilə dəstəklənməlidir. Biz atəşkəs qüvvəyə mindikdən sonra aktivləşdiriləcək, ikitərəfli təhlükəsizlik sazişlərini tamamlayan və müvafiq hüquqi və konstitusion çərçivələrimizə uyğun olaraq siyasi və hüquqi baxımdan məcburi xarakter daşıyan təminatlar sisteminə sadiq qalmağa hazır olduğumuzu bəyan edirik”, - deyə bəyanatda qeyd olunub.
Bəyanatda həmin təminatların bir neçə komponenti əhatə etdiyi vurğulanıb. Təminatlar ABŞ-ın rəhbərliyi ilə təklif olunan atəşkəsin monitorinqi və yoxlanılması mexanizmində iştirakı, Ukrayna Silahlı Qüvvələrinə dəstəyi, Ukrayna Silahlı Qüvvələrinin yenidən qurulmasına və çəkindirmə potensialının gücləndirilməsinə dəstək vermək məqsədilə çoxtərəfli qüvvənin formalaşdırılmasını, Rusiyanın gələcək silahlı hücumu halında Ukraynaya dəstək üzrə məcburi öhdəliklərin yekunlaşdırılması, Ukrayna ilə uzunmüddətli müdafiə əməkdaşlığının dərinləşdirilməsini əhatə edir.
Bundan əlavə, koalisiyanın Əməliyyat Qərargahında ABŞ-Ukrayna-Koalisiya koordinasiya mərkəzinin yaradılması barədə qərarın qəbul olunduğu bildirilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin