AZ

Təhsil eksperti yad sözlərin Azərbaycan dilinə təsirindən danışdı

"Azərbaycan dili bizim milli kimliyimizin əsas sütunudur. Prezident İlham Əliyevin də açıq şəkildə vurğuladığı kimi, ana dilimizi qorumaq təkcə dövlətin işi deyil, hər bir azərbaycanlının şəxsi məsuliyyətidir. Dilimizin yad sözlərin təsiri altına düşməsi səssiz, amma təhlükəli prosesdir. Xarici kəlmələrin ölçüsüz şəkildə işlədilməsi dilimizi zənginləşdirmir, əksinə onun təbii axarını pozur və milli kimliyimizi damcı-damcı zəiflədir".

QHT.az xəbər verir ki, bunu Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib. Onun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlılar üçün ana dilini məişət səviyyəsində deyil, mükəmməl formada bilmək son dərəcə vacibdir. Bunun üçün Azərbaycan məktəblərinin və onlayn tədris imkanlarının yaradılması gələcək nəsillər üçün həyati əhəmiyyət daşıyır:

"Dil ailədə başlayır, məktəbdə möhkəmlənir və cəmiyyətdə yaşayır. Əgər biz uşaqlarımızla ana dilində səlis və düzgün danışmırıqsa, sabah onların bu dili qorumasını gözləmək ədalətli olmaz. Müəllimlər, jurnalistlər və ictimai mövqeyi olan şəxslər dil məsələsində cəmiyyətə nümunə olmalıdır. Çünki təhsil dilin qalxanıdır, müəllim isə onun daşıyıcısıdır. Prezidentin bu mövqeyi hər birimiz üçün ciddi xəbərdarlıqdır. Dilimizi qorumasaq, kimliyimizi qorumaqda çətinlik çəkəcəyik. Azərbaycan dili bizim tariximiz, yaddaşımız və gələcəyimizdir. Bu dili yaşatmaq isə hər gün danışdığımız dildən başlayır".

 

Pərvanə Fərhadqızı

Seçilən
43
qht.az

1Mənbələr