AZ

Fridrix Merts: Almaniya Ukraynada mümkün atəşkəsin hərbi təminatında iştirak etməyə hazırdır

Berlin, 7 yanvar, AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts ölkəsinin Ukraynada mümkün atəşkəsin hərbi təminatında iştirak etməyə hazır olduğunu bəyan edib.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Kansler “İstəklilər koalisiyası”nın Parisdə keçirilən görüşündən sonra açıqlamasında Ukrayna ilə qonşu NATO ölkələrində Almaniya Silahlı Qüvvələrinin yerləşdirilməsinin mümkünlüyünü qeyd edib. O, Almaniyanın töhfəsinin forma və miqyasının müvafiq şərtlər aydınlaşdıqdan sonra federal hökumət və Bundestaq tərəfindən müəyyən ediləcəyini vurğulayıb. “Almaniya siyasi, maliyyə və eyni zamanda, hərbi dəstəyini davam etdirəcək. Bu, o cümlədən atəşkəsdən sonra Ukrayna üçün NATO-nun qonşu ərazilərində qüvvələr ayırmağı da əhatə edə bilər”, - deyə Kansler ifadə edib.

F.Merts, həmçinin sülhün təmin edilməsi üçün hamının, o cümlədən ABŞ-ın güclü və hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətlərinə ehtiyac olduğunu, Rusiya ilə razılıq zamanı “İstəklilər koalisiyası”nın fəaliyyətinin təmin olunmasının da diqqətdə saxlanılmasını qeyd edib.

Kansler Almaniya hərbçilərinin Ukraynadan kənarda yerləşdirilməsinin kifayət edib-etməyəcəyi ilə bağlı suala cavabında deyib: “Hər iki yanaşma - həm Ukraynada qoşunların yerləşdirilməsi, burada əsasən gücləndirilməli və dəstəklənməli olan Ukrayna qoşunları nəzərdə tutulur, həm də Ukrayna ilə qonşu ölkələrdə əlavə qüvvələrin yerləşdirilməsi düzgün ola bilər. Bu qüvvələr Rusiyanın yeni mümkün təcavüzü halında istifadə oluna bilər”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
105
2
azertag.az

3Mənbələr