ain.az, Bizimyol saytına istinadən bildirir.
2026-cı ildə şəxsi büdcə planlaması üçün əsas prioritetlər inflyasiyaya qarşı dayanıqlılıq, qənaət strategiyalarının gücləndirilməsi və maliyyə intizamının artırılması məsələləri önəmli rol oynayır. Pul yığımı üçün isə avtomatik yığım sistemləri, xərclərin minimuma endirilməsi kimi taktikalar effektivdir.2026-cı ildə şəxsi büdcə planlaması necə olmalıdır? Pul yığımı üçün taktikalar nələrdir?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, 2026-cı ildə şəxsi büdcə planlaması daha çox çevik, realist və risklərə davamlı yanaşma üzərində qurulmalıdır.
Akif Nəsirli
“Cəmiyyəti ailə büdcəsini qorumağa təşfiq etməliyik ki, hər bir ailə pərakəndə xərcləmələrə getməsin, şəxsi büdcə ailə büdcəsinin bir elementinə çevrilsin. O halda səmərəsiz xərcləmələr aydın görünəcək, ailə və şəxs özü kənar təsirlərə qarşı mübarizə aparmaq üçün həmin xərcləri ixtisar edəcək. Ailə büdcəsinin əsas qayəsi isə gəlir və xərclərin qeydə alınması və təhlil edilməsidir. İnflyasiyanın təsirini nəzərə alaraq gəlir və xərclər mütəmadi yenidən gözdən keçirilməli, sabit olmayan xərclər mümkün qədər azaldılmalıdır. Büdcə yalnız aylıq deyil, rüblük və illik baxışla planlanmalı, gözlənilməz vəziyyətlər üçün ehtiyat fond yaradılmalıdır. Maliyyə intizamı əsas prinsip kimi qəbul olunmalı, impulsiv (alıcıya vacib lazım olmayan, marketlərin isə satmaq istədiyi "gözə soxduğu" məhsullar) xərclərdən uzaq durulmalıdır”-deyə Akif Nəsirli qeyd edib.
Akif Nəsirli vurğulayıb ki, müəyyən faiz və ya məbləğin avtomatik olaraq yığım hesabına köçürülməsi qənaəti asanlaşdırır: “Pul yığımı üçün ən effektiv üsullardan biri avtomatik yığım sistemləridir. Maaş daxil olan kimi müəyyən faiz və ya məbləğin avtomatik olaraq yığım hesabına köçürülməsi qənaəti asanlaşdırır. Xərclərin kateqoriyalara bölünməsi və lazımsız abunəliklərin, tez-tez istifadə olunmayan xidmətlərin ləğvi də qənaətə ciddi töhfə verir. Gündəlik kiçik xərclərin nəzarətdə saxlanılması, endirim və kampaniyalardan planlı şəkildə istifadə etmək də uzunmüddətli yığım üçün faydalıdır. Eyni zamanda yığılan vəsaitin dəyərdən düşməməsi üçün onu uyğun maliyyə alətlərində saxlamaq və maliyyə savadlılığını davamlı artırmaq 2026-cı ildə şəxsi büdcənin daha sağlam idarə olunmasına kömək edəcək”.
Günel Həsənova, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.