ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Ukrayna, Fransa və Böyük Britaniya müharibə başa çatdıqdan sonra Ukrayna ərazisində çoxmillətli qüvvələrin yerləşdirilməsini nəzərdə tutan bəyannamə imzalayıb.
Globalinfo.az xəbər verir ki, sənəd münaqişədən sonrakı dövrdə ölkənin təhlükəsizliyinin təmin olunmasını hədəfləyir.
Atəşkəsin razılaşdırılmasından sonra Böyük Britaniya və Fransanın Ukrayna ərazisində hərbi bazalar və mərkəzlər yaratması planlaşdırılır.
Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, müharibə başa çatdıqdan sonra Ukrayna ordusunun şəxsi heyətinin sayı təxminən 700 min nəfər təşkil edəcək.
Makron bildirib ki, Qərb tərəfdaşları Ukraynaya dəstəyin davam etdirilməsi ilə bağlı öhdəlik götürüb. Bu dəstəyə maliyyə yardımı və hərbi təminat da daxildir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer isə açıqlamasında London və Parisin Ukraynanın müxtəlif bölgələrində hərbi mərkəzlərin yaradılması barədə razılığa gəldiyini deyib.
Məlumata görə, “İstəklilər koalisiyası”na daxil olan ölkələrin xarici qüvvələrinin atəşkəs rejiminə nəzarət məqsədilə quruda, havada və dənizdə yerləşdirilməsi nəzərdə tutulur.
Emmanuel Makron həmçinin Türkiyənin dəniz istiqaməti üzrə məsuliyyəti üzərinə götürməyə hazır olduğunu da vurğulayıb.
Məlumata görə, Almaniyanın Kansleri Fridrix Merts də məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Almaniya Ukraynanın, eləcə də bütövlükdə Avropa qitəsinin təhlükəsizliyinə görə məsuliyyəti üzərinə götürməyə hazırdır.
Aysel Əliyeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.