AZ

Kir Starmer: Britaniya və Fransa sülh razılaşması olacağı təqdirdə, Ukraynaya qoşun göndərəcək

London, 7 yanvar, AZƏRTAC

Böyük Britaniya və Fransa Ukraynada sülh razılaşması əldə olunacağı təqdirdə, Ukraynaya qoşun göndərə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Parisdə “İstəklilər koalisiyası”nın sammitindən sonra açıqlamasında deyib. Starmer bildirib ki, Böyük Britaniya, Ukrayna və Fransa arasında Parisdə imzalanan Niyyət Bəyannaməsi Ukrayna ərazisində britaniyalı, fransız və tərəfdaş ölkələrin qüvvələrinin fəaliyyət göstərə bilməsi üçün hüquqi çərçivənin formalaşdırılmasına yol açır.

Baş nazirin ofisinin yaydığı bəyanatda qeyd olunur ki, sənəd sülh razılaşması baş verdiyi halda Ukraynaya qoşun yeridilməsi niyyətini əks etdirir və bu, Böyük Britaniyanın Ukraynanın yanında uzunmüddətli dayanmaq üzrə öhdəliyinin mühüm hissəsidir.

Bəyanatda vurğulanır ki, Ukrayna üçün çoxmillətli qüvvə təhlükəsizlik zəmanətlərini gücləndirmək və Ukraynanın öz silahlı qüvvələrinin bərpasına dəstək verməklə ölkənin sülhə və sabitliyə qayıtmasına töhfə verəcək. Həmin qüvvə arxayınlaşdırıcı missiya rolunu oynayacaq. Sənədin imzalanması Böyük Britaniya və Fransa hərbi qüvvələrinin Ukrayna ərazisində fəaliyyətini tənzimləyən hüquqi mexanizmlərin yaradılmasına imkan verəcək. Bu çərçivədə Ukraynanın hava və dəniz məkanının təhlükəsizliyinin təmin edilməsi, eləcə də gələcək çağırışlara uyğun silahlı qüvvələrin formalaşdırılması nəzərdə tutulur.

Danışıqlarda, həmçinin qüvvələrin yerində yerləşdirilməsi mexanizmləri daha ətraflı müzakirə edilib. Atəşkəsdən sonra Böyük Britaniya və Fransa koordinasiya mərkəzi ilə yanaşı, Ukraynanın müxtəlif bölgələrində hərbi mərkəzlər yaratmağı, silah və hərbi texnikanın mühafizəli saxlanılması üçün obyektlər inşa etməyi planlaşdırır. Bu addımlar Ukraynanın müdafiə ehtiyaclarının dəstəklənməsinə xidmət edəcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
65
35
azertag.az

10Mənbələr