Son elmi araşdırmalar göstərir ki, səhər yeməyini müntəzəm şəkildə buraxmaq insan sağlamlığına mənfi təsir göstərir.
Redaktor.az xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yeməyi qəbul etməyən şəxslərdə metabolik sindrom riski əhəmiyyətli dərəcədə artır.
Metabolik sindrom — qan şəkərinin normadan çıxması, xolesterol səviyyəsinin yüksəlməsi, arterial təzyiqin artması və ürək-damar xəstəliklərinə meyillilik kimi ciddi sağlamlıq problemlərini özündə birləşdirən vəziyyətdir. Araşdırmalar sübut edir ki, səhər yeməyindən imtina edən insanlarda bu risklər daha tez-tez müşahidə olunur.
Alimlər bildirirlər ki, səhər yeməyi orqanizmin gün ərzində enerji balansını tənzimləyir, maddələr mübadiləsini aktivləşdirir və qan şəkərinin stabil qalmasına kömək edir. Səhər saatlarında qida qəbul edilmədikdə isə bədən stress vəziyyətinə düşür və bu, uzunmüddətli perspektivdə ürək xəstəlikləri və diabet ehtimalını artırır.
Mütəxəssislər vurğulayırlar ki, səhər yeməyi yalnız günə enerjili başlamaq üçün deyil, uzunmüddətli sağlamlığın qorunması baxımından da mühüm rol oynayır. Xüsusilə zülal, lif və faydalı yağlarla zəngin balanslı səhər yeməyi ümumi sağlamlıq üçün tövsiyə olunur.
Xədicə BAXIŞLI