AZ

Ölkədə bu məhsullar bahalaşa bilər

Son günlər dizel yanacağının qiymətində baş verən 10 qəpiklik artım aqrar sektorla bağlı yeni müzakirələrə yol açıb. Bəs məhsulların bazara daşınmasında geniş istifadə olunan dizelin bahalaşması kənd təsərrüfatı məhsullarının qiymətinə necə təsir edəcək? Kənd təsərrüfatı üzrə ekspert, iqtisadçı Cəfər İbrahimli Metbuat.az-a açıqlamasında bildirib ki, dizel sənayenin böyük bir hissəsində, sənaye müəssisələrində, yükdaşımada və xüsusilə kənd təsərrüfatında istehsal prosesində mühüm paya malikdir. Bu baxımdan dizelin maya dəyərinə təsiri qaçılmazdır: “Bununla belə, hesab olunur ki, kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi və onların ilbəil artırılması bu təsirin müəyyən qədər məhdud qalmasına imkan yaradır. Yəni aparılan hesablamalar və qəbul olunan qərarlar kənd təsərrüfatına təsirin məhz məhdud olacağı istiqamətindədir”.C.İbrahimli qeyd edib ki, illik inflyasiya səviyyəsi 4–6 faiz aralığında proqnozlaşdırılır: “Bu çərçivədə dizel yanacağının bahalaşmasının da kənd təsərrüfatına və xüsusilə məhsulların qiymətinə təsirinin məhz inflyasiya hədləri daxilində qalacağı düşünülür. Hazırkı mərhələdə vəziyyət bu şəkildə qiymətləndirilir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
86
metbuat.az

1Mənbələr