Berlində kütləvi elektrik kəsilməsinə (“blekaut”) səbəb olan solçu ekstremistləri 10 ilə qədər həbs cəzası gözləyə bilər.
İnterpress.az xəbər verir ki, Lixterfelde rayonunda yarımstansiyanın qəsdən yandırılmasından sonra Almaniya təhlükəsizlik orqanları irimiqyaslı araşdırmaya başlayıb. İstintaqın versiyasına görə, hücumu solçu radikal qruplaşma törətmiş ola bilər.
Berlin meri Kay Veqner bildirib ki, baş verənlər adi vandalizm və ya təxribat çərçivəsindən kənara çıxır və terrorizm kimi tövsif edilə bilər.
Hakimiyyət orqanları həmçinin “Vulkan” solçu radikal qruplaşması tərəfindən dərc edilən və məsuliyyəti üzərinə götürən anonim bəyanatı həqiqi hesab edir.
Araşdırma həm yerli, həm də federal səviyyədə aparılır. Berlin Konstitusiyanın Müdafiəsi İdarəsi sübut toplamaq üçün açıq mənbələri və solçu radikal mühitlə bağlı materialları təhlil edir.
“Biz həmçinin Federal Cinayət İdarəsi ilə təmasdayıq, çünki bu, zarafat deyil: burada terror aktı baş verib”, – deyə mer Veqner təsdiqləyib.
Veqner cinayətkarları təqib edəcəyinə və sərt şəkildə cəzalandıracağına söz verib: “Burada söhbət insan həyatından gedir – bu, yolverilməzdir”.
Xuraman Etibarlı
İnterpress.az