ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Azı 30 Qərb ölkəsi Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə “icbari öhdəliklər”in salınmasını təklif edir. Söhbət gələcəkdə Rusiyanın mümkün silahlı hücumuna qarşı Ukraynaya avtomatik və konkret dəstək mexanizmlərindən gedir.
Yanvarın 6-da Kiyevin müttəfiqlərindən ibarət “İstəklilər Koalisiyası”nın bəyanat layihəsi yayılıb. “Radio Svoboda”nın tanış olduğu sənəddə qeyd olunur ki, bu öhdəliklər hərbi imkanlardan istifadə, kəşfiyyat və logistika dəstəyi, diplomatik təşəbbüslər, eləcə də Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini əhatə edə bilər.
Bəyanat layihəsində vurğulanır ki, “Ukraynanın və Avro-Atlantik kollektiv təhlükəsizliyin gələcəyinin təminatı üçün Ukraynanın özünümüdafiə bacarığı həlledici əhəmiyyət daşıyır”.
Sənəddə bildirilir ki, təhlükəsizlik zəmanətlərinin təmin edilməsində koalisiya tərəfdaşları və Birləşmiş Ştatlar əsas və sıx koordinasiya olunmuş rol oynayacaq. Dəstək paketinə ABŞ-nin rəhbərliyi ilə atəşkəsə nəzarət, Ukrayna Silahlı Qüvvələrinə dəstək, Ukraynada çoxmillətli qüvvənin yerləşdirilməsi və Rusiyanın yenidən hücumu halında sülhün bərpası üçün icbari öhdəliklər daxil edilə bilər.
Bu yanaşma Moskva ilə mümkün sülh sazişi əldə olunacağı təqdirdə Qərbin Ukraynaya verəcəyi hərbi və təhlükəsizlik vədlərinin indiyədək ən konkret forması kimi qiymətləndirilir.
Bu gün axşam saatlarında azı 30 Qərb ölkəsinin liderləri Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşür. Toplantıda ABŞ Prezidenti Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerin iştirakı da gözlənilir. Dövlət katibi Marko Rubionun qatılması ehtimalı isə aşağı qiymətləndirilir.
Həftəsonu milli təhlükəsizlik üzrə müşavirlər, yanvarın 5-də isə hərbi planlaşdırma üzrə toplantılar keçirilib. Avropa rəsmiləri bildiriblər ki, Paris görüşünün ABŞ, Ukrayna və Avropa ölkələri arasında vahid mövqenin formalaşmasına xidmət edəcəyinə ümid edirlər.
Fransa Prezidenti Emmanuel Makron danışıqlardan sonra Ukraynanın təhlükəsizliyi ilə bağlı “konkret öhdəliklər”in təqdim olunacağını gözlədiyini deyib. Məqsəd atəşkəs baş verərsə, sülhməramlı qüvvənin tərkibi və yerləşdirilməsinə aydınlıq gətirməkdir.
Məlumatlara görə, bu qüvvə 15–20 min hərbçidən ibarət ola bilər, bəzi ölkələr isə kontingentin 30 minə yaxın olmasını istəyir. Quru və hava komponentlərinə əsasən Fransa və Böyük Britaniyanın rəhbərlik edəcəyi bildirilir. Türkiyə isə Qara dənizdə nəqliyyat marşrutlarının təhlükəsizliyinə cavabdeh olacağını açıqlayıb.
Bununla yanaşı, “İstəklilər Koalisiyası” qüvvələrinin təmas xəttinə nə qədər yaxın yerləşdiriləcəyi hələ də qeyri-müəyyəndir. Avropalı rəsmilərin əksəriyyəti bu qüvvələrin Ukrayna ordusuna dəstək və təlim məqsədilə əsasən Qərbi Ukraynada yerləşdiriləcəyini düşünür.
Avropa diplomatlarından biri Rusiyanın mümkün hücumuna necə cavab veriləcəyi məsələsinin hələ də açıq qaldığını deyib: “Hələ də müzakirə edirik ki, cavab atəşi açacağıq, yoxsa geri çəkiləcəyik”.
ABŞ-nin təhlükəsizlik zəmanətləri ilə bağlı da qeyri-müəyyənlik qalır. Brüssel və Kiyev Vaşinqtonun “möhkəm dayaq” rolunu oynayacağına daha nikbin yanaşsa da, bunun konkret forması hələ məlum deyil. Avropalı rəsmilər ABŞ qüvvələrinin atəşkəsi müşahidə edə biləcəyini, eyni zamanda logistika və kəşfiyyat sahəsində dəstək göstərəcəyinə ümid etdiklərini bildiriblər.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən ilin noyabrında Zelenskiyə 28-bəndlik sülh planını qəbul etməsi üçün təzyiq göstərmişdi. Bu plan Kiyevdə daha çox Rusiyanın maraqlarına yaxın kimi dəyərləndirilmişdi. Ukrayna isə Avropa müttəfiqləri ilə 20 bəndlik alternativ plan üzərində razılığa gəlib və burada təhlükəsizlik zəmanətləri ilə ərazi bütövlüyü əsas yer tutur.
Ukraynanın baş danışıqçısı Ruslan Umerov bildirib ki, sülh planının təxminən 90 faizi razılaşdırılıb, amma ən çətin detallar qalır. Bu detalların başında ərazi məsələsi gəlir. Kiyev təmas xəttinin dondurulmasını və ya Donbasın demilitarizasiya zonası elan olunmasını təklif edir.
Digər problem Zaporojye Atom Elektrik Stansiyasına nəzarətlə bağlıdır. Ukrayna stansiyanın Rusiya ilə birgə idarə olunmasını qəbul etmir, ABŞ-nin oradan istehsal olunan enerjini Moskvaya satması variantına üstünlük verir.
Brüsseldə isə çox az adam Rusiyanın bu şərtlərlə razılaşacağına inanır. Kreml hələ də döyüş meydanında özünü üstün tərəf hesab edir. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, Moskva “xüsusi hərbi əməliyyat”ın məqsədlərinə ya razılaşma yolu ilə, ya da güc tətbiq etməklə nail olacaq.
Bu fonda Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Bu, dörd ilə yaxındır davam edən müharibə dövründə artıq 20-ci sanksiya paketi olacaq və yanvarın sonlarında üzv ölkələrin təsdiqinə təqdim ediləcəyi gözlənilir.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.