AZ

Kolon xərçəngi riski niyə artır?

Mütəxəssislər bağırsaq sağlamlığını qorumağa çağırırlar

Son illərdə yoğun bağırsaq (kolon) xərçəngi yalnız yaşlılara xas xəstəlik olmaqdan çıxıb. Xüsusilə 50 yaşdan aşağı şəxslər arasında bu xəstəliyin artması tibb dünyasında ciddi narahatlıq doğurur. Beynəlxalq araşdırmalar göstərir ki, gənclərin kolon xərçənginə yoluxma riski 1990-cı illərdən bəri nəzərəçarpacaq dərəcədə yüksəlib. Maraqlıdır ki, bu artım ümumi kolon xərçəngi göstəriciləri azalarkən baş verir.

Mütəxəssislər hələlik bu artımın səbəbi ilə bağlı yekdil fikir formalaşdırmayıblar. Bununla belə, müasir həyat tərzi, emal olunmuş qidaların çoxluğu və lif baxımından kasad qidalanma əsas risk faktorları sırasında göstərilir.

Son dövrlər “bağırsaq detoksu” vəd edən çaylar və qida əlavələri geniş yayılıb. Lakin həkimlərin mövqeyinə əsasən, bağırsaq sistemi normal şəraitdə özünü təbii şəkildə təmizləyə bilir. Əsas məsələ bağırsaqlar üçün uyğun mühitin yaradılmasıdır. Bu isə möcüzəvi vasitələrdən deyil, davamlı və düzgün qidalanmadan keçir.

Yoğun bağırsaq suyun yenidən sovrulması, tullantıların toplanması və orqanizmdən xaric edilməsi baxımından mühüm rol oynayır. Buna görə də gündəlik qəbul edilən qidalar bağırsaq sağlamlığına birbaşa təsir göstərir.

Lif - həzm sisteminin əsas dayağı

Bağırsaq sağlamlığının təməlində lif dayanır. Lif həzm olunmadan bağırsaqlara çataraq tullantıların həcmini artırır, zərərli maddələrin orqanizmdən xaric edilməsinə kömək edir və faydalı bağırsaq florasını dəstəkləyir. Araşdırmalar göstərir ki, liflə zəngin qidalanan şəxslərdə kolon xərçəngi riski xeyli aşağıdır. Eyni zamanda lif qəbizlik, köp və iltihablanma kimi problemlərin qarşısının alınmasında da mühüm rol oynayır.

Tam taxıllar - bağırsaqlar üçün təbii dəstək

Kinoa, yulaf və qəhvəyi düyü kimi tam taxıllar lif, vitamin və minerallarla zəngindirlər. Bu qidalar bağırsağı aktivləşdirərək həzm sisteminin daha nizamlı işləməsinə kömək edir. Elmi tədqiqatlar tam taxıl məhsullarının kolon xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltdığını göstərir.

Paxlalılar - bitki mənşəli lif mənbəyi

Mərcimək, noxud və lobya növləri həm lif, həm də bitki zülalı baxımından qiymətli qidalardır. Onların müntəzəm qəbulu bağırsaq divarındakı zərərli hüceyrə strukturlarının inkişaf riskinin azalmasına kömək edə bilər. Paxlalılar, eyni zamanda, faydalı bakteriyaların çoxalmasını stimullaşdıraraq bağırsağın müdafiə sistemini gücləndirir.

Çia toxumu - kiçik, lakin təsirli

Çia toxumu az miqdarda istifadə olunsa belə, yüksək lif təmin edir. Maye ilə təmasda olduqda gelə bənzər bir konsistensiyaya çevrilərək bağırsaqlarda rahat keçidi təmin edir və zərərli maddələrin xaric edilməsini asanlaşdırır. Bundan əlavə, uzunmüddətli toxluq hissi yaradaraq həddindən artıq yeməyin qarşısını alır.

Kələmkimilər: brokoli, gül kələmi və kələm

Bu tərəvəzlər liflə yanaşı, antioksidant və fitokimyəvi maddələrlə zəngindir. Mütəxəssislər bu birləşmələrin hüceyrə səviyyəsində qoruyucu təsir göstərdiyini bildiriblər. Bu tərəvəzlərin müntəzəm qəbulu bağırsaqlarda iltihablanmanı azaldaraq uzunmüddətli perspektivdə xərçəng riskini aşağı sala bilər.

Omega-3 mənbələri

Qızılbalıq, sardina və alabalıq kimi yağlı balıqlar omega-3 yağ turşuları ilə zəngindirlər. Bu maddələr iltihab əleyhinə təsir göstərərək bağırsaq toxumasının qorunmasına kömək edir. Bir sıra tədqiqatlar omega-3 qəbulunun kolon xərçəngi hüceyrələrinin inkişafını zəiflədə bildiyini göstərib.

Qoz və qatıq - bağırsaq üçün faydalı cütlük

Qoz lif və bitki mənşəli omega-3 ilə bağırsaq mühitini dəstəkləyir. Qatıq isə probiotik tərkibi sayəsində bağırsaq florasını tarazlayır və həzm sisteminin immun müdafiəsini gücləndirir.

Mütəxəssislər vurğulayırlar ki, kolon xərçəngi riskini azaltmağın yolu möcüzəvi vasitələrdən deyil, gündəlik düzgün qidalanma vərdişlərindən keçir. Liflə zəngin, emal olunmamış və təbii məhsullara əsaslanan qidalanma bağırsaqların özünü qoruma qabiliyyətini gücləndirir. Kiçik, lakin davamlı dəyişikliklər uzunmüddətli sağlamlıq faydaları verə bilər.

Şahnigar Əhmədova, “İki sahil”

Seçilən
66
ikisahil.az

1Mənbələr