Alimlər bildirir ki, pəhrizdən imtina etmək hər zaman məğlubiyyət demək deyil. Əksinə, bəzi hallarda bu addım sağlamlıq üçün daha düzgün seçim ola bilər. Bu barədə “The Conversation” portalı yazır.
Yanvarın 9-u “Quitters Day” – insanların yeni il vədlərindən, xüsusən də arıqlamaq qərarından ən çox vaz keçdiyi gün kimi tanınır. Mütəxəssislər deyir ki, bu heç də pis hal deyil.
Araşdırmalar göstərir ki, bədən çəkisi ilə sağlamlıq arasındakı əlaqə düşündüyümüz qədər sadə deyil. Cəmiyyətdə belə bir fikir var ki, bir az artıq çəki mütləq xəstəlik deməkdir. Amma elmi sübutlar bunu tam təsdiqləmir. Bəli, piylənmə bəzi ciddi xəstəliklərlə bağlıdır, amma bir neçə artıq kiloqramın hər zaman zərərli olduğu sübut olunmayıb.
Alimlər vurğulayır ki, sağlamlıq bir çox amildən asılıdır: genetika, cins, həyat tərzi, fiziki aktivlik və qidalanma. Məsələn, çox istifadə olunan bədən kütlə indeksi (BKİ) real vəziyyəti tam göstərmir. Yüksək BKİ-si olan bir insanın təzyiqi, şəkəri və xolesterini normal ola bilər. Əksinə, arıq görünən birinin ciddi sağlamlıq problemləri də ola bilər. Hətta yaşlı insanlar üçün həddindən artıq arıqlıq əlavə risklər yarada bilər.
Mütəxəssislər bildirir ki, son onilliklərdə insanların kökəlməsi təkcə “iradəsizlik”lə bağlı deyil. Ucuz, kalorili qidaların artması və hərəkətsiz həyat tərzi buna təsir edib.
Alimlərin fikrincə, əgər həkim tərəfindən arıqlamaq tövsiyə olunmayıbsa, pəhrizdən imtina zəiflik yox, şüurlu seçimdir. Sağlamlıq üçün əsas olan tərəzi rəqəmi deyil, bədənin qəbul edilməsi, fiziki güc, dözümlülük və keyfiyyətli qidalanmadır.