Danimarkalı sahibkar və IT məhsulları hazırlayan Simon Hoyberq maraqlı və mübahisəli təkliflə çıxış edib. O, Avropa İttifaqına Qrenlandiyanı ABŞ-a, konkret olaraq Donald Trampa satmağı təklif edib.
Hoyberq bu fikrini sosial şəbəkə X-də (keçmiş Twitter) paylaşıb. Onun sözlərinə görə, satışdan əldə olunan vəsait Danimarka və Aİ tərəfindən Ukraynaya yardımın maliyyələşdirilməsinə yönəldilə bilər.
IT mütəxəssisi bildirib ki, ABŞ-ın Qrenlandiyaya böyük investisiya qoymaq üçün kifayət qədər maliyyə imkanları var. Onun fikrincə, Danimarka bu baxımdan ABŞ-la rəqabət apara bilmir. Hoyberq hesab edir ki, belə bir addım Qrenlandiya sakinləri üçün də faydalı ola bilər və eyni zamanda Danimarka ilə ABŞ arasında münasibətləri qoruyub saxlamağa kömək edər.
O, həmçinin vurğulayıb ki, bu cür razılaşma Avropa İttifaqına Ukraynaya əlavə vergi yükü yaratmadan maliyyə dəstəyi göstərmək imkanı verə bilər.
Qısa müddətdə Hoyberqin paylaşımı sosial şəbəkədə böyük maraq doğurub: post 1,5 milyondan çox baxış, 7 minə yaxın bəyənmə və təxminən 1000 paylaşım toplayıb.
Qeyd edək ki, bu açıqlama Donald Trampın Qrenlandiyaya marağı ilə bağlı əvvəlki bəyanatları fonunda səslənib. Tramp dəfələrlə adanın ABŞ-ın milli təhlükəsizliyi və Çinlə Rusiya ilə geosiyasi rəqabət baxımından strateji əhəmiyyət daşıdığını bildirmişdi.