Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycanda turizmin müxtəlif istiqamətləri üzrə davamlı inkişaf müşahidə olunur. Əvvəllər əsasən yay turizmi ön planda idisə, son illərdə qış turizmi də geniş vüsət almaqdadır. Belə ki, Qəbələ və Qusar istiqamətlərində qış turizm kompleksləri fəaliyyət göstərir. Eyni zamanda, xizək idmanı üzrə dünya səviyyəli yarışların ölkəmizdə keçirilməsi qış turizminin inkişafına əlavə stimul verir. Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikasında da qış turizm kompleksi var. Beləliklə, hazırda ölkəmizdə qış turizmi üzrə bir neçə müasir turizm kompleksi mövcuddur və mövsümilik amilinin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.
Onun sözlərinə görə, ölkədə turizmin yalnız mövsümi xarakter daşımaması üçün müxtəlif istiqamətlər üzrə ardıcıl addımlar atılır. Bu baxımdan, iri miqyaslı beynəlxalq və regional tədbirlərin təşkili mühüm rol oynayır. Ötən il keçirilən MDB Oyunları təkcə Bakıda deyil, eyni zamanda Şəki, Mingəçevir, Gəncə və bir neçə şəhərdə təşkil olunub. Belə tədbirlər ərəfəsində infrastruktur yenilənir, yeni otellər və ictimai iaşə obyektləri istifadəyə verilir, xidmət keyfiyyəti yüksəldilir, kadr hazırlığı və peşəkar potensialın artırılması istiqamətində işlər aparılır. Bütün bunlar regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərir.
Ekspert həmçinin dənizkənarı və sahil turizminin inkişafı istiqamətində həyata keçirilən layihələrə toxunub. O bildirib ki, Xəzər sahili boyunca reallaşdırılan layihələr bu turizm növünün inkişafına əlavə imkanlar yaradacaq və yaxın dövrdə görülən işlərin nəticələri daha aydın şəkildə hiss olunacaq.
Əziz Şiriyev qeyd edib ki, sağlamlıq turizmi də Azərbaycanın üstünlük verdiyi əsas istiqamətlərdən biridir. Bu sahədə ölkəmiz dörd unikal resursa malikdir. Bunlara Azərbaycana məxsus müalicəvi Naftalan nefti, dünyada aparıcı mövqelərdən birini tutan palçıq vulkanları, həm müalicəvi vannalar, həm də içməli sular üçün istifadə olunan mineral və termal sular, eləcə də xüsusi əhəmiyyətə malik Duzdağ daxildir. Sözügedən resurslar sağlamlıq turizmi potensialının genişlənməsinə mühüm töhfə verir.
Onun sözlərinə görə, aqroturizm də son illərdə ölkədə inkişaf edən istiqamətlər sırasındadır. Kənd təsərrüfatı ilə turizmin vəhdətini əks etdirən bu turizm növü regionlarda əlavə məşğulluq imkanlarının yaradılmasına, yerli məhsulların tanıdılmasına və kənd əhalisinin gəlirlərinin artmasına şərait yaradır.
Əziz Şiriyev vurğulayıb ki, turizmin müxtəlif növlərinin inkişafı, regionlarda festivalların təşkili, eləcə də beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəyə gələn turistlərin sayının artmasına, dövlət büdcəsinə daxilolmaların çoxalmasına, əhalinin rifah halının yüksəlməsinə və ümumilikdə iqtisadiyyatın inkişafına müsbət təsir göstərir.