ABŞ Prezidenti Donald Tramp Venesuelada həyata keçirilən hərbi əməliyyatla bağlı yeni detallar açıqlayıb. Onun sözlərinə görə, əməliyyat zamanı ölkənin demək olar ki, bütün ölkə ərazisində elektrik enerjisi kəsilib.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı üzvləri ilə görüşdə danışıb. Görüş "C-Span" kanalı vasitəsilə canlı yayımlanıb.
ABŞ prezidenti bildirib ki, elektrik enerjisinin kəsilməsindən sonra Venesuela vətəndaşları ölkədə ciddi problemin yarandığını anlayıblar.
"İşıq yalnız şamı olan insanların evlərində var idi", – deyə Tramp qeyd edib.
Xatırladaq ki, 3 yanvar 2026-cı ildə ABŞ qüvvələri Venesuelaya zərbələr endirib. Hücumlar paytaxt Karakasda, Fort-Tiuna hərbi bazasında, La-Karlota aviabazasında, El-Vulkan siqnal antenasında, La-Quayra limanında və digər obyektlərdə qeydə alınıb. Tramp əməliyyatı uğurlu adlandıraraq Venesuela prezidenti Nikolas Maduronun və onun həyat yoldaşının saxlanıldığını bəyan edib.
ABŞ prezidentinin sözlərinə görə, əməliyyat zamanı Amerika tərəfdən itki olmayıb, lakin qarşı tərəfdə ölənlər var. Tramp deyib ki, həlak olanların əksəriyyəti kubalı hərbçilər olub.
"Bizim tərəfdən heç kim ölmədi. Digər tərəfdə isə çoxlu itki var idi. Açığını deyim ki, əsasən kubalı əsgərlər öldürüldü. Onlar bizim gəldiyimizi bilirdilər", – deyə Tramp vurğulayıb.
Bu arada Tramp Venesueladakı əməliyyatın ABŞ ordusunun gücünü bir daha sübut etdiyini deyib. Ağ Ev rəhbəri qeyd edib ki, Amerika ordusu hazırda Yer üzündə ən güclü, ən müasir və ən təhlükəli silahlı qüvvədir.
Hazırda Venesuelada prezident səlahiyyətlərini vitse-prezident Delsi Rodriges icra edir. Tramp isə Rodrigesi "düzgün qərarlar verməyəcəyi təqdirdə ağır nəticələrlə üzləşəcəyi" ilə hədələyib.
Qeyd edək ki, ABŞ-ın Venesuelaya hücumu beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub. Türkiyədə bu əməliyyat "Karib dənizinin quldurları" filmi ilə müqayisə edilib, ABŞ Konqresində isə Trampa qarşı impiçment prosedurunun başlanması çağırışları səsləndirilib.
5 yanvar 2026-cı ildə Nikolas Maduro Nyu-Yorkda federal məhkəmə qarşısına çıxarılıb. Ona narkoterrorizm və digər ağır cinayətlər üzrə ittihamlar irəli sürülüb. Tramp Maduronun artıq prezident olmadığını bildirərək Venesuelanın idarə olunmasının "hakimiyyətin ötürülməsinədək" ABŞ-ın nəzarətinə keçdiyini açıqlayıb. Maduro isə özünü hərbi əsir adlandıraraq ittihamları qəbul etməyib.