AZ

Prezidentin müsahibəsindən çıxan nəticələr: İnkişaf yolunun dəqiq konturları

"Prezident İlham Əliyevin dünən yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin mövcud siyasi reallıqları, inkişaf perspektivləri və qarşıda duran strateji hədəfləri baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Bu müsahibə dövlət başçısının cəmiyyətlə açıq dialoqa verdiyi önəmi, eyni zamanda milli maraqlara söykənən ardıcıl və prinsipial siyasətini bir daha nümayiş etdirdi".

BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Vasif Qafarov deyib.

O bildirib ki, Prezident müsahibədə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri kompleks şəkildə təhlil edib:

"Bu uğurların əsasının güclü siyasi iradə, milli birlik və məqsədyönlü dövlət siyasəti üzərində qurulduğu vurğulanıb. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda ölkənin həm regional, həm də beynəlxalq mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmləndiyi diqqətə çatdırılıb. Dövlət başçısının fikirləri göstərir ki, Azərbaycan bu mərhələdə bütün platformalarda artıq qalib və söz sahibi olan dövlət kimi çıxış edir.

Müsahibədə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə geniş yer verilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu prosesin planlı, sistemli və uzunmüddətli strategiyaya əsaslandığını qeyd edərək, Böyük Qayıdış proqramının uğurla icra edildiyini bildirib. Yeni infrastruktur layihələri, müasir şəhərsalma konsepsiyaları və sosial obyektlərin inşası dövlətin öz vətəndaşına və torpağına olan məsuliyyətinin bariz nümunəsidir. Bunlar cəmiyyətdə gələcəyə inamı daha da gücləndirir. Dövlət başçısının regional və beynəlxalq siyasətlə bağlı səsləndirdiyi fikirlər müsahibənin ən diqqətçəkən məqamlarından biri olub".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin balanslı, praqmatik və milli maraqlara əsaslanan yanaşması Azərbaycanın müstəqil xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirdiyini təsdiqləyir:

"Dövlət başçısı regionda sülhün və sabitliyin təmin olunmasının vacibliyini vurğulayaraq, Azərbaycanın bu istiqamətdə konstruktiv təşəbbüslərlə çıxış etdiyini ifadə edib. Müsahibədə sosial-iqtisadi inkişaf məsələlərinə də ayrıca diqqət yetirilib. Prezidentin əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və iqtisadi dayanıqlılığın təmin olunması ilə bağlı fikirləri göstərir ki, dövlət siyasətinin mərkəzində insan amili dayanır. Aparılan islahatların məqsədi yalnız bugünkü nəticələr deyil, gələcək nəsillər üçün möhkəm təməl yaratmaqdır. Ümumilikdə, Prezident İlham Əliyevin yanvarın 5-də verdiyi müsahibə dövlət idarəçiliyində şəffaflığın, məsuliyyətin və strateji yanaşmaların bariz nümunəsi kimi qiymətləndirilə bilər. Bir daha sübut olundu ki, Azərbaycan güclü liderlik, aydın məqsədlər və milli maraqlara əsaslanan siyasət sayəsində inamla irəliləyir. Dövlət başçısının səsləndirdiyi fikirlər həm mövcud reallıqların düzgün qiymətləndirilməsi, həm də ölkənin gələcək inkişaf yolunun dəqiq konturlarını görməyimiz baxımından xüsusi əhəmiyyət daşıyır".

Seçilən
75
far.az

1Mənbələr