ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft idxalını əhəmiyyətli dərəcədə azaltdığını bəyan edib.
Editor.az xəbər verir ki, Trampın açıqlamaları C-Span telekanalında canlı yayımlanıb.
Ağ Evin rəhbəri çıxışı zamanı bildirib: “Bildiyiniz kimi, Hindistan Rusiyadan neft tədarükünü ciddi şəkildə azaldıb”.
Bloomberg agentliyinin məlumatına görə, 2024-cü ilin dekabr ayında Hindistanın Rusiyadan aldığı neft həcmi 2022-ci ildən bəri ən aşağı səviyyəyə enib. Belə ki, ölkə gündəlik təxminən 1,1 milyon barel Rusiya nefti idxal edib. Dekabr ayının ikinci həftəsində isə bu göstərici 712 min barel səviyyəsinə qədər geriləyib.
Qeyd edək ki, Hindistan 2022-ci ildən etibarən Rusiyanın ən iri neft alıcılarından biri hesab olunur. Avqustun 6-da ABŞ Rusiya enerji resurslarının alınması ilə əlaqədar Dehliyə qarşı əlavə 25 faiz gömrük rüsumu tətbiq edib. Vaşinqtonun təzyiqləri fonunda Yeni Dehli tədarük həcmini azaltsa da, Kreml Hindistanın Rusiyadan neft idxalını tamamilə dayandırmaq niyyətində olmadığını bildirib.
// Gülnarə Abasova, Editor.az