“Prezident İlham Əliyev dəfələrlə hakimiyyət orqanlarının fəaliyyəti üzərində ictimai nəzarətlə bağlı fikir bildirib. Həmçinin əvvəllər daha kəskin formada demişdi ki, ölkədə ya ictimai nəzarət yoxdur, ya da varsa, çox zəifdir”.
Bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, bu sahədə həm də rəsmi nəzarətdən söhbət getməlidir: “Təkcə ictimai nəzarətlə iş bitmir. Ciddi dövlət nəzarəti olmalıdır. Çünki nəhəng korrupsiyaların uzun müddət davam etməsinin əsas səbəblərindən biri məhz vergi və maliyyə nəzarətinin ölkədə demək olar ki, olmamasıdır. Bunun xüsusi olaraq qeyd edilməsi vacibdir.
İkincisi, bütün sahələrdə ictimai şuraların yaradılmasına baxmayaraq, bu şuraların heç biri konkret olaraq fəaliyyət göstərdiyi sahədə hər hansı qanun pozuntusunu aşkar edə bilməyib. Amma sonradan Dövlət Təhlükəsizliyi Xidməti böyük korrupsiya halları aşkarlayıb, vətəndaşlar isə həmin sahədən minlərlə şikayət ediblər. Ona görə də ictimai şuraların da effektiv olmadığı açıq görünür”.
ADP sədri həmçinin bəzi hallarda kadr təyinatlarının şəffaf olmadığını vurğulayıb:
“Digər tərəfdən, vəzifələrə təyinat məsələsi əslində şəffaf deyil. Məsələn, müəyyən şəxslər vəzifələrə təyin olunur, amma nəyə görə? Yeganə arqument budur ki, onların təcrübəsi var, xarici ölkədə təhsil alıb, dil bilirlər və s. Bu, kadrların təyinatında ciddi problem yaradır.
Prezident bu barədə xəbərdarlıqlar etsə də, tək bir nəfərin dövlət aparatını effektiv idarə etməsi mümkün deyil. Faktiki olaraq, bu məsələdə komanda şəklində yanaşma vacibdir.
Çox təəssüf ki, Azərbaycanda hələ ki, elə bir hakimiyyət komandası yoxdur ki, prezidentin dediyi fikirləri bütünlükdə həyata keçirsin və problemləri aradan qaldırsın. Əgər prezidentin təyin etdiyi şəxslər iki həftədən sonra rüşvətxorluğa başlayırsa, bu, ciddi suallar doğurur. Bu şəxslərin əvvəlki fəaliyyətləri yoxlanılmır və bəzən əvvəlki cinayətlərinə baxmayaraq yüksək vəzifələrə irəli çəkilirlər.
Məsələn, bir icra başçısı təmiz işləyibsə, Nəsimiyə gəldikdə bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu? Bu, göstərir ki, məmurların fəaliyyətindəki qüsurlar prezidentə düzgün çatdırılmır, ört-bastır edilir”.
S.Cəlaloğlu kadr dəyişikliklərinin sürətli, amma kampaniya xarakterli olmamasını vacib sayır:
“Kadr dəyişiklikləri hakimiyyətdə sürətli olmalıdır və kampaniya xarakteri daşımamalıdır. Çalışmaq lazımdır ki, daha çox kadr və dövlət idarəsindən iştirak etsin. Azərbaycanın ən böyük qüsurlarından biri odur ki, son 30 ildə yalnız 30-40 nəfər ölkənin yüksək vəzifələrində dövr edib. Bu isə əhalinin əksəriyyətinin dövlət idarəçiliyində iştirak imkanlarını məhdudlaşdırır. Bir adam 40 il bu nazirlikdən o birinə keçirsə, bu o deməkdir ki, vətəndaşların hakimiyyətdə təmsil olunmaq hüquqları məhdudlaşdırılıb.
Kadr dəyişiklikləri sadəcə bir rayon və ya sahəni əhatə edən dəyişikliklər hesab edilə bilməz. Prinsip etibarilə, Azərbaycanda idarəetmə problemi mövcuddur. Politologiyada iki cür idarəetmə mövcuddur: aşağı keyfiyyətli və yüksək keyfiyyətli.
Aşağı keyfiyyətli idarəetmədə şəxsi sadiqlik prinsipi ilə kadrlar təyin olunur. Məsələn, bir icra başçısı öz yaxın adamlarını vəzifəyə gətirir. Bu, korrupsiyanın inkişafına və dövlət cinayətlərinə şərait yaradır.
Yüksək keyfiyyətli idarəetmədə isə şəxslər vətənə və xalqa xidmətinə görə vəzifəyə təyin olunur. Belə komandada dövlət cinayətləri baş vermir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız