AZ

Qətər İsrailin Rəfah keçidinə maneələrini siyasi şantaj adlandırıb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Qətər İsrailin Qəzza zolağındakı Rəfah sərhəd-keçid məntəqəsinin açılmasına maneələr yaratmasını kəskin tənqid edib və humanitar yardımın siyasi təzyiq alətinə çevrilməsinin yolverilməz olduğunu bəyan edib.

TurkicWorld xəbər verir ki, Qətərin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Doha mühasirədə olan Qəzzaya humanitar yardımın çatdırılması və Rəfah keçidinin yenidən açılması üçün vasitəçilərlə fəal danışıqlar aparır. Nazirliyin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bu barədə mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, hazırda əlaqələr davam edir, lakin proses bir sıra mürəkkəbliklərlə üzləşib. əl-Ənsari bildirib ki, Qətər Qəzzada atəşkəsin ikinci mərhələsinə keçidin təmin olunması üçün vasitəçilərlə işləyir və humanitar yardımın siyasi şantaj vasitəsi kimi istifadəsinə qəti etiraz edir.

Açıqlama İsrail mediasında yayılan xəbərlər fonunda səsləndirilib. Bildirilir ki, İsrail və ABŞ Qəzzada saxlanıldığı iddia edilən son israilli girovun cəsədi tapılıb İsrailə təhvil verilməyənədək Rəfah keçidinin yenidən açılmasından imtina etməyi müzakirə edə bilər.

Qeyd edək ki, Rəfah keçidinin açılması 10 oktyabrda qüvvəyə minmiş atəşkəs razılaşmasının birinci mərhələsinin əsas şərtlərindən biri olub. Lakin humanitar təşkilatların bildirdiyinə görə, İsrailin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən keçid hələ də bağlı qalır ki, bu da razılaşmanın pozulması kimi qiymətləndirilir.

Rəfah keçidi uzun müddət Qəzza zolağının xarici dünya ilə yeganə əlaqə nöqtəsi olub. 2024-cü ilin may ayında İsrail ordusu keçidin Fələstin tərəfini nəzarətə götürdükdən sonra məntəqə faktiki olaraq bağlanıb.

İsrailin dövlət yayımçısı Kan son olaraq ABŞ Prezidenti Donald Trumpin təzyiqlərindən sonra keçidin hər iki istiqamətdə açılmasına hazırlıq görüldüyünü iddia edib.

Seçilən
38
turkic.world

1Mənbələr