Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Neftçala şəhərində növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda Neftçala şəhər sakinləri ilə yanaşı Həsənabad və Xıllı qəsəbələrinin, həmçinin Mirqurbanlı, Mikayıllı, Qaravəlli və Yuxarı Qaramanlı kəndlərinin sakinləri iştirak ediblər.
Görüş zamanı vətəndaşlar tərəfindən əsasən işsizlik, sosial yardım, qaz, elektrik enerjisi, yol infrastrukturu, torpaq məsələləri, eləcə də yaşayış binalarının təmiri ilə bağlı müraciətlər səsləndirilib.
Qəbul zamanı Neftçala şəhər sakini Tağıyev Eminin ailəsi əvvəllər deputatın dəstəyi ilə işlə təmin olunduqlarını bildirərək, Tənzilə Rüstəmxanlıya təşəkkürlərini ifadə ediblər.
Millət vəkili vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı aidiyyəti dövlət qurumları və nazirliklərlə əlaqə saxlayıb, bəzi problemlərin operativ şəkildə həllinə nail olub. Digər müraciətlərin isə müvafiq qurumlara yönləndiriləcəyi və nəzarətdə saxlanılacağı bildirilib.