AZ

“Prezidentin dil məsələsinə olan həssas yanaşması sadəcə mədəni maraqdan irəli gəlmir” -Türkoloq

Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibə zamanı Azərbaycan dili məsələsinə də toxunaraq dilimizi bütün dövrlərdə qoruduğumuzu bildirib. Dövlət başçısı Azərbaycan dilini qorumağın hər kəsin vəzifəsi olduğunu qeyd edib və hamını bu mübarizəyə dəvət edib.

Redaktor.az bu haqda Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, türkoloq alim Elçin İbrahimovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, dövlət başçısının vurğuladığı əsas məqam ondan ibarətdir ki, bütün bu təzyiqlərə və xarici təsirlərə baxmayaraq, Azərbaycan xalqı öz dilini qoruyub saxlaya bilib:

"Bu, yalnız dilin texniki baxımdan qorunması deyil, həm də milli kimliyin, tarixi yaddaşın və sosial birliyin qorunması deməkdir.

Prezidentin dil məsələsinə olan həssas yanaşması sadəcə mədəni maraqdan irəli gəlmir. Bu, milli təhlükəsizlik və dövlətçilik davamlılığı ilə birbaşa bağlıdır. Dilin qorunması və normativliyinin təmin olunması hər bir vətəndaşın və dövlətin prioritet vəzifəsi kimi dəyərləndirilir".

Alimin fikrincə, Prezident İlham Əliyev çoxdillilik mövzusunda da balanslı və realist mövqe ortaya qoyub:

"Dövlət başçısı müasir dünyada çoxdilliliyi dəyərli və zəruri bir bacarıq kimi qiymətləndirir. Xarici dillərin öyrənilməsi insanlara qlobal məkanda ünsiyyət, informasiya mübadiləsi və peşəkar imkanlar yaradır, həmçinin fərdi inkişaf üçün əhəmiyyətlidir".

Elçin İbrahimov vurğuladı ki, dilin qorunması hər bir vətəndaşın sosial və mədəni məsuliyyətidir:

"Hər bir söz, hər bir ifadə milli yaddaşın daşıyıcısıdır. Prezidentin vurğuladığı bu prinsip Azərbaycan xalqının birliyini və davamlı inkişafını təmin edən strateji vəzifə kimi qiymətləndirilə bilər".

Aytəkin TOFİQQIZI

Seçilən
23
1
redaktor.az

2Mənbələr