Ştutqart sirkində tamaşa zamanı iki ukraynalı artist bir neçə metr hündürlükdən yıxılıb.
İnterpress.az xəbər verir ki, Ştutqartdakı Milad sirkində baş verən bədbəxt hadisə zamanı yüksəklikdə nömrə ifa edən cütlük qəfil təxminən 2400 tamaşaçının gözü qarşısında aşağı düşüb. Hər iki artist ağır xəsarətlər alıb.
Zərərçəkənlər Ukraynadan olan “Flight of Passion” duetinin üzvləri – 49 yaşlı Dmitri və 19 yaşlı Daryadır. Nömrə çərçivəsində artistlər xüsusi lentlər vasitəsilə havaya qalxaraq müxtəlif trüklər yerinə yetirirdilər. Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.
Yaralılar təcili yardım maşınları ilə müxtəlif klinikalara aparılıb, polis onların vəziyyətinin ağır olduğunu bildirib. Lakin bir saat sonra şou davam etdirilib.
Xuraman Etibarlı
İnterpress.az