İnsan ölümündən sonra orqanlarının digər xəstələrə verilməsi məsələsi din baxımından uzun illərdir müzakirə olunur və hələ də müxtəlif yanaşmalar mövcuddur.
Bəs orqanların bağışlanmasına islam dinində necə yanaşılır?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənovun sözlərinə görə, bu mübahisəli mövzu olsa da, müasir dövrümüzdə bununla bağlı elmi müzakirələr aparılır: “İstanbulda keçirilən İslam Tibb Konfransında iştirak edəndə bu barədə konfrans materialı var idi və alimlər orada bu mövzuda öz fikirlərini bildirmişdilər. Belə ki, tibb alimləri bunu tamamilə icazəli hesab edir. Şəriət alimləri də bu mövzunu islama görə məqbul hesab edib müəyyən şərtlərlə icazəli olduğu görüşünə gəliblər. Bu sual ətrafında danışılanlar çox zaman hisslər üzərində qurulur, elmi və dini əsaslar isə kölgədə qalır. Halbuki məsələ həm şəriət, həm insanlıq, həm də vicdan baxımından son dərəcə dərin və məsuliyyətlidir. İslamın əsas məqsədlərindən biri insan həyatını qorumaqdır. Qurani Kərimdə buyrulur: “Kim bir canı xilas edərsə, bütün insanları xilas etmiş kimi olar”. (Maidə, 32) Bu ayə təkcə fiziki həyatı deyil, həyatın müqəddəsliyini göstərən böyük bir prinsipi ortaya qoyur. İnsan yaşatmaq Allah qatında ibadət dəyərində bir əməldir. Məhz bu səbəbdən bir insanın ölümündən sonra onun sağlam orqanlarının başqa insanların həyatını xilas etməsi, şəriətin bu ali məqsədinə tam uyğundur”.
Ə.Həsənov bildirib ki, bəzi insanlar, öldükdən sonra bədənin toxunulmaz olduğunu söyləyirlər: “Bu doğrudur, lakin bu toxunulmazlıq hörmətsizlikdən qoruma üçündür, həyat qurtarmağa mane olmaq üçün deyil. Peyğəmbərimiz buyurur: “Ölünün sümüyünü sındırmaq dirinin sümüyünü sındırmaq kimidir”. (Əbu Davud) Bu hədis göstərir ki, meyitə hörmət vacibdir. Amma alimlər izah edirlər ki, bu hörmət meyit üzərində lazımsız təhqir və əzab verməyə aiddir. Əgər məqsəd bir canı yaşatmaqdırsa və meyitə hörmət çərçivəsində icra olunursa, bu artıq təhqir deyil, savabdır. Müasir fiqh alimlərinin böyük əksəriyyəti bu mövzuda açıq mövqe ortaya qoyub. Misir Əl Əzhər universitetinin Fətva Şurası, Səudiyyə Ərəbistanın Fiqh Akademiyası, İslam Əməkdaşlıq Təşkilatının Fiqh Məclisi kimi qurumlar orqan bağışlamanın şəriətə uyğun olduğunu bəyan ediblər. Şərtlər də aydındır. İnsan sağlığında buna razı olmalı və ya yaxınları onun adından razılıq verməlidir, ticarət məqsədi güdülməməlidir, orqan yalnız real ehtiyac olan xəstənin həyatını xilas etmək üçün istifadə olunmalıdır. İbn Qudamə, İmam Nəvəvi, Şatibi kimi böyük alimlərin qoyduğu ümumi fiqh qaydaları bu məsələni də əhatə edir: zərurət qadağanı aradan qaldırar, zərər aradan qaldırılır, böyük zərər kiçik zərərlə dəf olunur. Burada meyitə minimal toxunuşla canlı bir insanın həyatı xilas edilirsə, tərəzinin ağır gözü tərəddüdsüz həyat tərəfini göstərir. Müasir tibb alimləri də deyirlər ki, bir donor bəzən beş, altı, hətta yeddi insanın həyatına ümid ola bilir. Bu artıq təkcə tibbi məsələ deyil, bu, insanlıq missiyasıdır”.
İlahiyyatçı qeyd edib ki, insan ölümündən sonra da savab qazanmağa davam edə bilər: “Peyğəmbərimiz buyurur: “İnsan öldükdən sonra əməli kəsilir, yalnız üç şey istisnadır: sədəqeyi-cariyə, faydalı elm və ona dua edən saleh övlad”. Orqan bağışı sədəqeyi-cariyənin ən canlı, ən danışan formalarından biridir. Sənin gözünlə kimsə görür, sənin böyrəyinlə kimsə yaşayır, sənin ürəyinlə bir evdə ana uşağını qucaqlayır. İnsan öz ölümündən sonra belə həyat paylamağa davam edir. Bundan böyük miras varmı? Bu mövzuda qorxu ilə deyil, imanla danışmaq lazımdır. Torpaqdan yaradılan bu bədən torpağa qayıdır, amma onun vasitəsilə xilas olan canlar axirət yolumuzda nur olur. Bu səbəbdən, şəriətin ruhuna, Qurana, sünnəyə, böyük alimlərin fətvalarına və müasir elmi baxışlara əsasən demək olar ki, ölümdən sonra orqan bağışlamaq icazəlidir, savabdır və insanlıq adına uca bir əməldir. Əgər insan həyatda ikən “mənim ölümüm kiminsə həyatına səbəb olsun” deyə niyyət edibsə, bu, onun axirət sərmayəsidir. Ölüm həyatın sonu deyil. Bəzən başqasının həyatının başlanğıcıdır. Mən bu mövzuda belə düşünürəm ki, bədən sənə verilən ən böyük əmanətdir, əgər əmanətdirsə həmin əmanəti qoruyub tam mükəmməl şəkildə sahibinə qaytarmalısan. Buna baxmayaraq dünyasını dəyişən şəxsin özünün razılığı vacibdir, bunu ürəkdən istəyərək etməlidir. Məsələn, çox adam razı olmaz ki, bədəni ölümdən sonra belə kiməsə hədiyyə edilsin. Amma kimsə razı olarsa şəriət bu məsələyə icazə verir”.
Şəhanə Quliyeva