Arzuxan Əlizadə: “Əgər səriştəli şəxslər hakimiyyət başında olsaydı, bu, baş verməzdi”
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində 1992-ci ildə qəbul edilən 907-ci düzəlişə toxunaraq bildirib ki, bu, o vaxt Azərbaycan hakimiyyəti və onun diplomatiyasının hansı səviyyədə olduğunu göstərir.
Ölkə başçısı qeyd edib ki, o vaxt Azərbaycan diplomatiyasına rəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər, hansısa diplomatiyaya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olundular: “Ovaxtkı AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar”.
Maraqlıdır, cəbhə hakimiyyəti səriştəli olsaydı, 907-ci düzəlişin qarşısını ala bilərdimi?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, əgər səriştəli şəxslər hakimiyyət başında olsaydı, bu, baş verməzdi: “Düzdür, bu düzəlişin qəbulunda erməni lobbisinin rolu böyük olub. Xüsusən də ABŞ-ın Demokratlar Partiyasının dəstəyi ilə bu bədnam düzəliş qəbul edilib. 1992-ci ildə hakimiyyətdə Respublikaçılar Partiyası olsa da, Konqresdə Demokratlar çoxluğa malik idilər. Ancaq hakimiyyətdə səriştəli şəxslər olsaydı, diplomatiyanı bilən şəxslər bu sahəyə rəhbərlik etsəydilər bunun qarşısını almaq olardı. Yəni bütün günahı erməni lobbisində axtarmaq doğru olmaz. Çox təəssüflər olsun ki, işi bilməyənlərin bu sahəyə rəhbərlik etməsi Azərbaycanı illərlə ABŞ-ın dövlət yardımından məhrum etdi. Halbuki, o vaxt Azərbaycan sosial-iqtisadi vəziyyəti çox çətin idi. Naşı siyasət üzündən Azərbaycan yardımdan məhrum oldu”.
Vidadi ORDAHALLI