Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüşün əsas məqamlarını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri üçün hər bir raket tədarükü insanların həyatını xilas edir və diplomatik həll imkanlarını gücləndirir. O vurğulayıb ki, bu səbəbdən hər bir görüş konkret nəticələr verməlidir:
“Hava hücumundan müdafiə üçün hər bir raket tədarükü həyatları xilas edir və diplomatiya üçün şansları artırır. Məhz buna görə də hər bir görüş konkret nəticə ilə yekunlaşmalıdır – yeni HHM qərarları, yeni yardım paketləri və səmanın qorunması üçün yeni imkanlar.”
Zelenski bildirib ki, Makronla müzakirələr əsasən Ukraynanın Rusiya terroruna qarşı real müqavimət imkanları, ölkənin müdafiəsi və diplomatik mövqeləri gücləndirə biləcək dəstək ətrafında aparılıb. Görüşdə diplomatiya və Ukraynanın atacağı gələcək addımlar da ətraflı müzakirə olunub.
Ukrayna Prezidenti əlavə edib ki, hazırda Parisdə “İstəkli Koalisiya”nın ən geniştərkibli toplantısı keçirilir. Tədbirdə dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, nazirlər və səfirlər iştirak edir: “Biz mühüm siyasi addımlar üzərində işləyirik”.


