ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026 Dünya Çempionatı ərəfəsində Meksikadakı təhlükəsizlik durumu FIFA-nın diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, ölkədə narkotik kartelləri ilə bağlı davam edən zorakılıq dalğası fonunda Meksikanın ev sahibliyi edəcəyi şəhərlərdən biri risk altına düşə bilər.
Meksikada təhlükəsizlik problemi yeni deyil. Ölkə uzun müddətdir həm rayonlarda, həm də böyük şəhərlərdə narkotik alveri ilə bağlı silahlı qrupların fəaliyyəti ilə üzləşir. Bu vəziyyət FIFA-nın 2018-ci il 13 iyun tarixində DÇ-2026-nı ABŞ, Kanada və Meksikaya “United 2026” adı altında verməsindən əvvəl də məlum idi. Lakin turnirin başlamasına beş ay qalmış Meksikadakı ev sahibliyi şəhərlərindən birinin gələcəyi sual altına düşüb.
Son günlərdə “Grupo Corona” şirkətinin rəhbəri və sahibi Adrian Koronanının Qvadalaxarada qətlə yetirildiyi açıqlanıb. Hadisədə yeddi avtomobilin, 30-dan çox silahlı şəxsin iştirak etdiyi, təxminən 15 dəqiqə davam edən atışmada 200-dən çox gilizin tapıldığı bildirilir.
Bu hadisə FIFA daxilində Meksikadakı ev sahibliyi ilə bağlı həyəcan siqnallarını işə salıb. Digər tərəfdən ABŞ-nin sabiq prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlər də beynəlxalq siyasi gərginliyi artırıb.
Qvadalaxara ev sahibliyini itirə bilər?
ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksika prezidenti Klaudia Şeinbaum ilə yaxşı diplomatik münasibətləri var, onu yaxşı insan hesab edir, lakin kartellərin Meksikaya hökm etdiyini deyib. Tramp “Meksika ilə bağlı nəsə etmək lazım olacaq” sözlərini işlədib və bir neçə dəfə narkotik kartellərinin əsas bazalarının yerləşdiyi ərazilərə (əsasən Sinaloa, Miçoakan və Qerrero) hərbi müdaxilə ehtimalını da dilə gətirib.
Jalisko ştatı da bu problemdən kənar deyil. Əsas kartellərdən birinin məhz bu ştatda formalaşdığı qeyd olunur. Adrian Koronaya qarşı hücuma qədər risk olmadığı bildirilirdi, lakin indi vəziyyət dəyişib.
Ötən ilin dekabrında keçirilən DÇ-2026-nın püşkatmasından əvvəl Tramp hətta ABŞ daxilində təhlükəsizlik problemləri olan şəhərlərin (Los-Anceles, San-Fransisko, Boston və finalın keçiriləcəyi Nyu-York) ev sahibliyindən çıxarıla biləcəyini demişdi. Lakin CONCACAF (Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsində futbolu idarə edən qurum) prezidenti Viktor Montalyani buna cavab olaraq bildirmişdi ki, bu FIFA turniridir, FIFA-nın yurisdiksiyasıdır və bu qərarları FIFA verir.
FIFA nə deyir?
Məlumata görə, Adrian Koronanının qətlindən sonra FIFA-nın Sürixdə yerləşən qərargahı Meksika tərəfinə rəsmi sorğular göndərib. Bu sorğularda şəhərdəki təhlükəsizlik vəziyyəti və hökumətlə birgə görüləcək tədbirlər barədə izahat tələb olunur.
Sorğuların özü FIFA-nın narahatlığını göstərir və cavablar qaneedici olmazsa, ev sahibliyinin ləğvi real riskə çevrilə bilər. Bu prosesdə ABŞ hökumətinin təzyiqlərinin də rol oynadığı qeyd olunur.
Qvadalaxarada daha əvvəl də narahatedici hadisələr baş verib. Bir neçə həftə əvvəl “Estadio Akron” stadionunun yaxınlığında 500-ə yaxın insan qalıqları olan torba tapıldığı bildirilmişdi. Məhz bu stadion DÇ-2026 matçlarının keçiriləcəyi arena kimi nəzərdə tutulub.
2025-ci ilə qədər “Meksika ev sahibliyini itirə bilərmi?” sualına cavab qəti “yox” idi. Lakin Venesuelada baş verənlərdən sonra beynəlxalq siyasi təzyiqin artması və Trampın Meksika hökumətinə qarşı sərt ritorikası fonunda indi cavab “hər şey mümkündür” kimi dəyişib.
Turnirin açılış matçına beş ay qalmış “Estadio Azteka”da keçiriləcək oyunun taleyi fonunda Meksikada böyük qeyri-müəyyənlik hökm sürür.