AZ

Ekspert: Horadiz əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələri vahid komandanlıq altında ilk döyüşlərini həyata keçirib

Bakı, 6 yanvar, Göyçək Mahmudlu, AZƏRTAC

1993-cü ilin dekabrında başlayan və 1994-cü il yanvarın 6-dək davam edən Horadiz əməliyyatı Azərbaycan hərb tarixində qış mövsümünə baxmayaraq keçirilən uğurlu əməliyyatlardan biridir. Həmin döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin vahid komandanlıq altında həyata keçirdiyi ilk döyüş əməliyyatıdır. Burada bütün qoşun növləri Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən qarşılıqlı fəaliyyət göstərirdi. Ordumuz həmin döyüşlərdə düşmənə öz gücünü göstərdi. Horadiz əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi ələ keçirildi. Ağır itkilər verən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu. Yəni bu uğurlu əməliyyat həmin ilin mayında atəşkəs imzalanması ilə nəticələndi.

Bunu AZƏRTAC-a açıqlamasında Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn deyib.

Horadiz əməliyyatı zamanı 23 yaşayış məntəqəsinin, o cümlədən Horadiz qəsəbəsinin işğaldan azad edildiyini xatırladan ekspert deyib: “Həmin əməliyyatın uğurlu nəticəsi bizə Aprel döyüşlərində cəbhə və cinahlardan hücuma keçməyə şərait yaratdı. Horadiz əməliyyatında əldə edilən nailiyyətlərin Aprel döyüşlərində davamının gətirilməsi 44 günlük savaşda Azərbaycan Ordusunun Hadruta yaxınlaşmasını tezləşdirdi və qısa müddət ərzində Şuşaya yol açıldı. Kiçik qələbələrdən doğan parlaq Zəfər ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, uzun illər davam edən torpaq həsrətimizin bitməsi ilə nəticələndi”.

 

 

Seçilən
122
azertag.az

1Mənbələr