Bakı, 6 yanvar, AZƏRTAC
2025-ci il də Azərbaycan üçün həm daxili, həm də xarici siyasət baxımından mühüm uğurlar və gələcəyə hesablanmış strateji addımlarla yadda qaldı. Bu dövr ərzində ölkəmizin müxtəlif sahələr üzrə əldə etdiyi nailiyyətləri sadalamaq mümkündür. Lakin mən bu kontekstdə xüsusilə bir vacib məqama diqqət çəkmək istərdim. Söhbət tarixi qələbəmizin beşinci ildönümünün qeyd edildiyi ötən il ərzində dünyanın əsas qlobal güc mərkəzlərindən biri olan ABŞ ilə Azərbaycan arasında münasibətlərin yeni, daha strateji mərhələyə qədəm qoymasından gedir.
Bunu AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (İB) sədri Nadir Azəri deyib.
O, qeyd edib ki, ABŞ ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişafı məsələsinə Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində xüsusi toxunulub. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər.
N.Azəri bildirib ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq ABŞ üçün önəmlidir.
“Həmçinin, bu əməkdaşlıq Azərbaycan üçün də önəm kəsb edir. Dövlət başçının da bəyan etdiyi kimi 2025-ci il dönüş ili də sayıla bilər. Çünki ötən il eyni zamanda, ABŞ ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi imzalanıb. Bu işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə də fəal iş başlayıb. Sadalananlar fonunda Zəngəzur dəhlizi məsələsinə ayrıca toxunmaq zəruridir. Prezident İlham Əliyevin müsahibəsində də vurğulandığı kimi, Zəngəzur dəhlizi açılacaq. Bu da səbəbsiz deyil. Çünki əvvəla Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənib. Digər tərəfdən hesab edirəm ki, məsələyə həm də qlobal məkanda cərəyan edən proseslər fonundan diqqət etməliyik. O baxımdan ki, Zəngəzur dəhlizi təkcə regiona sülh və əməkdaşlıq gətirməklə kifayətlənmir, eyni zamanda formalaşan yeni dünya düzənində öz sözünü deməyə iddialı olan Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə ciddi töhfə verə bilər. Bu dəhliz Turan coğrafiyası üçün etibarlı bir körpü rolunu oynayaraq Orta Asiya ilə Türkiyə, eləcə də Avropa arasında əlaqələrin daha da inkişafına imkan yaradacaq.
Heç şübhəsiz, bu əlaqələrin genişlənməsi öz növbəsində yeni iqtisadi dividendlər deməkdir. Həmin dividendlər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi inkişafına, eyni zamanda təşkilatın özünün institusional və iqtisadi gücünün artmasına səbəb olacaq. Məlumdur ki, istənilən digər inkişafların təməlində məhz iqtisadi amil dayanır. Bu baxımdan bu gün Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında inkişaf edən münasibətlərin, Zəngəzur dəhlizi xətti üzərindən Türk dövlətlərinin gələcəyi üçün də mühüm və strateji rol oynadığını aydın şəkildə görürük”, - deyə İB-nin sədri vurğulayıb.
N.Azəri onu da qeyd edib ki, ötən il ABŞ-da Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında görüş keçirildi və həmin görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh sazişi paraflandı: “Bu hadisə regionda davamlı sülhün bərqərar olması baxımından son dərəcə əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilməlidir. Hazırda Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir”.