Bakı, 6 yanvar, AZƏRTAC
1992-ci ildə qəbul edilmiş 907-ci maddə ABŞ-ın keçmiş sovet ölkələrinə iqtisadi yardımı ilə bağlı mühüm məsələlərdən biri idi. Maddənin Azərbaycan əleyhinə dəyişdirilməsi – “düzəliş” isə ilk dəfə senator Con Kennedi tərəfindən Konqresə təqdim olunmuş, daha sonra Con Makkeyn tərəfindən geniş şəkildə müdafiə edilib. Bu, ABŞ-ın keçmiş sovet ölkələrindən yalnız Azərbaycanı əhatə edən bir tədbir idi və ölkəmiz ABŞ-ın iqtisadi dəstəyindən məhrum edilmişdi. Bu isə açıq-aydın beynəlxalq hüquqa zidd idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin prezidenti İlqar Hüseynli deyib.
Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan üçün vəziyyətin olduqca mürəkkəb olması, “düzəliş”lə münasibətlərin gərginləşməsinə və ABŞ-la əlaqələrdə kəskin problemlərə səbəb olub: “ 907-ci düzəlişin qəbulunda erməni lobbisinin rolu mühüm olub, onlar Dağlıq Qarabağı “Ermənistanın tərkibi” kimi göstərərək ölkəyə işğalçı dövlət damğası vurmağa çalışmışdılar. Ötən il avqustun 8-də Prezident İlham Əliyevin ABŞ-a səfəri və Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının başlaması nəticəsində Dağlıq Qarabağ Azərbaycanın suverenliyi çərçivəsində tanınıb. ABŞ-ın siyasətində, o cümlədən Prezident Donald Trampın dövlət başçılığı dövründə Azərbaycan-ABŞ münasibətləri həm siyasi, həm də iqtisadi sahədə inkişaf edib, ölkəmizin 44 günlük müharibədən sonra ərazi bütövlüyünün bərpası ilə bağlı münasibətlər güclənib. Nəticədə, iki ölkə arasında sülh razılaşmasının əldə olunması və ABŞ prezidenti vasitəçiliyinin rol oynaması 907-ci düzəlişin icrasının dayandırılması ilə nəticələnib. Bu, faktiki olaraq düzəlişin ləğvi kimi qəbul edilib”, - deyə İ.Hüseynli əlavə edib.
O, həmçinin bildirib ki, Azərbaycan-ABŞ münasibətlərinin dərinləşməsi, əməkdaşlığın müxtəlif sahələrdə inkişafı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Zəngəzur dəhlizinin və dəniz nəqliyyatının açılması, ABŞ-ın bu prosesə sərmayə yatırması, uzunmüddətli icra məsələləri və geniş nəqliyyat-logistika imkanlarının istifadəyə verilməsi gələcəkdə bu təminatların daha da güclənməsinə şərait yaradacaq.