Yanvarın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Sənaye biotexnologiyasında fermentlər” mövzusunda elmi seminar keçirilib.
AzEdu.az xəbər verir ki, seminarı M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının elmi işçisi, ADNSU-nun tədqiqatçı müəllimi Dr. Aysel Aslanlı aparıb. Tədbir çərçivəsində sənaye biotexnologiyasında fermentlərin və katalitik proseslərin rolu ətraflı müzakirə edilib, əsas biokatalitik yanaşmaların ənənəvi kimyəvi proseslərlə müqayisədə üstünlükləri barədə ümumi baxış təqdim olunub.
Seminarda biokatalizin davamlı sənaye texnologiyalarının inkişafında oynadığı mühüm rol vurğulanıb, bu sahədə mövcud elmi yanaşmalar və müasir tədqiqat istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb. Seminar interaktiv müzakirələrlə yadda qalıb və mövzu ətrafında suallar cavablandırılıb.
Qeyd edək ki, seminarın məruzəçisi Dr. Aysel Aslanlı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hazırda o, həmin universitetdə elmi işçi, eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tədqiqatçı müəllim kimi fəaliyyət göstərir. Onun elmi maraqları fermentlər, biokatalitik proseslər və sənaye yönümlü biotexnoloji tətbiqləri əhatə edir.