Qahirə, 6 yanvar, AZƏRTAC
İsrailin xarici işlər naziri Gideon Saar bu gün səhər Somali Federativ Respublikasının “Somalilənd” regionunun mərkəzi Harqeysaya rəsmi səfər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “əl-Arabiyyə” kanalı Somalilənddəki adı açıqlanmayan diplomatik mənbəyə istinadla məlumat verib.
Mənbənin bildirdiyinə görə, İsrail XİN başçısının “Somalilənd” “prezidenti” Əbdürrəhman Məhəmməd Abdullahla görüşü nəzərdə tutulur. İsrailin "i24" kanalının bildirdiyinə görə, tərəflər görüşdən sonra mətbuata bəyanatla çıxış edəcəklər.
Diqqətə çatdırılır ki, səfər İsraillə “Somalilənd” arasında siyasi və strateji əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədi güdür.
Qeyd edək ki, 1991-ci ildə “Somalilənd” müstəqilliyini birtərəfli qaydada elan edib. Somali Federativ Respublikasının şimal qərbində yerləşən regionun ərazisi 175 min kvadrat kilometrdir.
İsrail 2025-ci ilin dekabrında “separatçı” regionun müstəqilliyini tanıyıb. “Somalilənd” regionunun tanınması İslam Əməkdaşlıq Təşkilatı, Afrika Birliyi, BMT TŞ-nın əksər üzvləri tərəfindən pislənib, bu addımın beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olduğu bildirilib. Somali Federativ Respublikası rəsmi şəkildə bu hadisəni şiddətlə qınayıb və ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə