BAKI, 6 yanvar. TELEQRAF
“Aldığım Nobel mükafatını ABŞ Prezidenti Donald Trampa həsr etmişəm, çünki buna layiqdir”.
Teleqraf xəbər verir ki, bunu Venesuela parlamentinin keçmiş deputatı, Nobel sülh mükafatı laureatı Mariya Korina Maçado deyib.
“Onu prezident Trampa həsr etdim, çünki o vaxt hesab edirdim ki, buna layiqdir. Çox adam söyləyirdi ki, yanvarın 3-də baş verənlər (Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Adela Flores de Maduronun ABŞ tərəfindən saxlanılması – red.) mümkün deyil. Əgər oktyabrda onun layiq olduğunu düşünürdümsə, indi nə düşündüyümü təsəvvür edin. Məncə, o, bütün dünyaya nümayiş etdirdi ki, niyyətində səmimidir”, - venesuelalı siyasətçi bildirib.
Maçado 2025-ci ildə Venesuelanı tərk edərək Osloya gedib, dekabrda ona verilmiş sülh mükafatını şəxsən qəbul etməli olsa da, mərasimə yetişə bilməyib, mükafatı qızı qəbul edib. Onun hazırkı yeri məlum deyil.