
ABŞ Prezidenti Donald Trampın Siyasət və Daxili Təhlükəsizlik üzrə məsləhətçisinin müavini Stiven Miller Qrenlandiyanın ABŞ-ın bir hissəsi olması lazım olduğunu müdafiə edərək, heç kimin bu məsələdə ABŞ-la müharibə etməyəcəyini bildirib.
CNN-ə açıqlama verən Miller ABŞ-ın Venesuelaya hərbi müdaxiləsindən sonra yenidən gündəmə gələn Qrenlandiya məsələsi haqqında danışıb.
NATO-nun maraqlarının qorunması və Arktika bölgəsinin təhlükəsizliyinin təmin olunması üçün Qrenlandiyanın ABŞ-ın bir hissəsi olması lazım olduğunu bildirən Miller “Əsas sual Danimarkanın Qrenlandiya üzərində hansı hüquqla nəzarət iddia etməsidir” qiymətləndirməsini edib.
ABŞ-ın Qrenlandiyaya yönəlik mümkün hərbi müdaxiləsi ilə bağlı sualına Miller “Hərbi əməliyyat kontekstində düşünməyə və ya danışmağa ehtiyac belə yoxdur. Heç kim Qrenlandiyanın gələcəyi üçün ABŞ-la hərbi münaqişəyə girməyəcək” deyib.
Miller həyat yoldaşı Keti Millerin ABŞ-ın Venesuelaya hərbi müdaxiləsindən sonra Qrenlandiya haqqında “Tezliklə” qeydi ilə ABŞ bayrağını paylaşmasına da toxunaraq, “(Trump administrasiyasının) başlanğıcından bu yana ABŞ-ın rəsmi mövqeyi Qrenlandiyanın ABŞ-ın bir hissəsi olmasıdır” ifadəsini işlədib.