Paris, 6 yanvar, AZƏRTAC
Fransanın Ron bölgəsində, xüsusilə Lyon şəhərinin cənubunda fermerlərin təşkil etdiyi etiraz aksiyaları səbəbindən yol hərəkətində ciddi problemlər yaranıb. Yerli media və yol hərəkəti xidmətlərinin məlumatına görə, fermerlər bazar ertəsindən etibarən bir neçə əsas magistral yolu blokadada saxlayırlar.
AZƏRTAC xəbər verir ki, etirazçılar ərazidə düşərgə qurublar. Bu isə hakimiyyət orqanları ilə razılaşma əldə olunmadığı təqdirdə aksiyaların bir neçə gün davam edəcəyindən xəbər verir.
Fermerlər hökumətin siyasətinə etiraz edirlər. Onların əsas narazılıqları arasında iribuynuzlu mal-qarada yoluxucu düyünlü dermatit xəstəliyinin idarə olunması, istehsal xərclərinin artması və beynəlxalq ticarət razılaşmaları, xüsusilə Avropa İttifaqı ilə Mercosur ölkələri arasında nəzərdə tutulan azad ticarət sazişi yer alır.
Avropa İttifaqı–Mercosur ticarət razılaşması Braziliya, Argentina, Paraqvay, Uruqvay və Boliviyadan mal əti, quş əti, süd məhsulları, şəkər və etanol idxalına güzəştli tariflərin tətbiqini nəzərdə tutur. Eyni zamanda, Avropa sənaye məhsullarının bu bazarlara çıxışı genişləndiriləcək. Əvvəlcə 2025-ci ilin dekabrında imzalanması planlaşdırılan saziş 2026-cı ilin yanvar ayına təxirə salınıb.
Dekabrın ortalarından etibarən Fransa və İtaliya daxil olmaqla bir sıra Avropa ölkələrinin fermerləri bu cür tarif güzəştlərinin və artan rəqabətin Avropanın kənd təsərrüfatı üçün mənfi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edirlər.