AZ

Venesuela geosiyasi mübarizənin mərkəzində - ŞƏRH

Bakı, 6 yanvar, Rabil Kətanov, AZƏRTAC

Son günlər dünya mətbuatının baş xəbərlərini Venesuela Prezidenti Nikolas Maduronun xüsusi əməliyyatla həbs edilərək Nyu-Yorkada mühakimə edilməsi təşkil edir. Nikolos Maduro narkotik vastələrin qaçaqmalçılığı, terrorçuluğun dəstəklənməsi ittihamları ilə mühakimə edilsə də məsələnin mahiyyəti tamamilə başqa amillərlə əlaqədardır. Ola bilsin ki, N.Maduro və onun generalları varlanmaq məqsədilə narkotacirlərə müəyyən yardımlar edərək əvəzində külli miqdarda pul alıblar. Lakin istər N.Moduronun həbsindən əvvəl, istərsə də sonra ABŞ rəsmilərinin bəyanatları onu deməyə əsas verir ki, Venesuela prezidentinin həbsi heç də narkotik vasitələrin ticarəti ilə deyil, geosiyasi mübarizə ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, bu məsələyə nə Rusiya, nə də Çin qarışa bilməz. ABŞ öz qonşuluğunda rəqiblərinin bazalar yaratmasına göz yummayacaq. Bu bəyanat həbsin siyasi xarakter daşdığını büruzə verir.

Bu gün Venesuela ətrafında baş verən hadisələrin kökü 2006-cı ilə gedib çıxır. Kütləvi aksiyalarla hakimiyyətə gələn sosialist düşüncəli Uqo Çaves heç bir əsası olmadan ABŞ və Qərb dünyası ilə düşmənçilik siyasəti yürütməyə başladı. Dünya neft ehtiyatlarının 20 faizinə malik olan Venesuelanın yeni prezidenti ölkədə çalışan ABŞ-ın “Chevron”, ExxonMobil” kimi iri neft şirkətlərinin aktivlərini müsadirə edərək ölkədən qovdu. Bu azmış kimi həmin şirkətlərin bank hesablarındakı pulları, əmlakları əllərindən aldı və ölkənin neft sənayesi milliləşdirildi. Bununla da dövlət monopoliyasına keçən neft sənayesinin süqutu başladı. ABŞ isə Venesuelaya qarşı sanksiyalar tətbiq edərək onu dünya bazarından təcrid etdi.

İdarəetmənin zəifliyi, sərmayə çatışmazlığı, korrupsiya və digər neqativ amillər Venesuelada neft hasilatı və ixracını sıfıra həddinə saldı. Ölkənin PDVSA (Petróleos de Venezuela, S.A.) neft şirkətinə məxsus kəmərlər 50 ildir ki, istismar edilir və nəql olunan neftin 50 faizi itkiyə gedir.

Qlobal broker platformasının tədqiqat mərkəzinin direktoru Ketlin Bruks bildirib ki, hazırda Venesuelanın neft sənayesinin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi ilə hasilata başlaması, yeni quyuların işlənməsi uzun zaman və böyük həcmdə maliyyə vəsaiti tələb edir. Bu işləri yerinə yetirmək 2030-cu ilə kimi davam edə bilər. Venesuelanın ABŞ tərəfindən sanksiyalara məruz qalması və münasibətlərin kəsilməsi Vaşinqtonun geosiyasi rəqiblərinə - Rusiya və Çinə onu himayə edib protektoriyasına salmaqla nəticələndi. Əlbəttə ki, himayədarlar öz maraqlarını öndə tuturlar.

U.Çavesin ölümündən sonra hakimiyyətə yiyələnən N.Maduro nəinki heç bir islahat keçirmədi, heç ölkəni də idarə edə bilmədi. Çinə ucuz neft sataraq əldə etdiyi maliyyə vəsaiti ilə Rusiyadan silah alan N.Maduro ölkə iqtisadiyyatının ağır vəziyyətə düşməsinin səbəbini ABŞ-da gördü.

Bütün xəbərdarlıqlara, hətta D.Tramp ilə telefon danışığına baxmayaraq N.Maduro siyasi kursu dəyişmədi. Bu da ABŞ-ı kəskin addım atmaq məcburiyyətində qoydu və nəticə göz qabağındadır. Məhkəmənin N.Maduro haqqında hansı qərarı verəcəyindən asılı olmayaraq ABŞ geosiyasi qələbəsini qazanaraq; birinci, Rusiyaya siyasi təzyiqini artırmaq imkanı əldə etdi. Bu, Venesuela neftini dünya bazarına çıxarıb qiymətləri həddən artıq aşağı salmaqla rəsmi Moskvanı gəlirdən məhrum etməkdən ibarətdir. Beləliklə, Ukrayna probleminin həllində Vaşinqtonun istəkləri qəbul ediləcək.

İkinci, Çin iqtisadiyyatı Venesueladan su qiymətinə alınan neftlə təmin oluna bilməyəcək və ABŞ dünyaya bir daha sübut etdi ki, beynəlxalq hüquq, buna bənzər digər konvensiya və müqavilələr sadəcə kağız üzərində olur. Real siyasətdə isə güclü haqlıdır. Növbədə Kuba, İran, Qrenlandiya var.

ABŞ-ın adıçəkilən ölkələrlə necə davranacağını isə zaman göstərəcək.

 

Seçilən
81
azertag.az

1Mənbələr