AZ

Hindistanın ən böyük neft emalı şirkəti Rusiya nefti ilə bağlıİDDİALARI TƏKZİB ETDİ

Hindistanın ən böyük neft emalı şirkəti Reliance Industries Ltd. Bloomberg agentliyinin Rusiya neftinin tədarükü ilə bağlı yaydığı məlumatları təkzib edib. Şirkət bəyan edib ki, Rusiya nefti daşıyan üç tankerinin onun zavoduna yönəldilməsi barədə xəbərlər həqiqətə uyğun deyil.

“İki sahil” xəbər verir ki,  Reliance Industries-in X sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, son təxminən üç həftə ərzində Camnaqar şəhərində yerləşən neft emalı zavodu Rusiya nefti qəbul etməyib və yanvar ayı üçün də belə tədarüklər gözlənilmir. Şirkət Bloomberg-in dərc etdiyi məqalənin korporasiyanın reputasiyasına zərər vurduğunu vurğulayıb.

Bu fonda Reuters agentliyi qeyd edir ki, əgər Reliance Industries-in açıqlaması doğru olarsa, yanvar ayında Hindistanın Rusiya nefti idxalı sutkada 1 milyon bareldən aşağı düşəcək. Bu isə son bir neçə il ərzində qeydə alınan ən aşağı göstərici ola bilər.

Mövzu ABŞ-ın Hindistana təzyiqləri fonunda xüsusi əhəmiyyət daşıyır. Yanvarın 5-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Hindistan Vaşinqtonun Rusiya neftinin alınmasının məhdudlaşdırılması tələblərini yerinə yetirməzsə, Amerika tərəfi Hindistan mallarına gömrük rüsumlarını artıra bilər. Xatırladaq ki, ötən ilin avqustunda ABŞ Yeni Dehlinin Rusiya nefti almasına görə Hindistandan idxal olunan mallara 50 faizlik rüsum tətbiq etmişdi.

Hazırkı təkzib isə Hindistanın enerji siyasəti və ABŞ-la münasibətləri kontekstində Rusiya neftinin idxalı məsələsinin hələ də qeyri-müəyyən olaraq qaldığını göstərir.

Seçilən
73
ikisahil.az

1Mənbələr