Salyan rayonunda azyaşlı uşağın yüksək qızdırma səbəbilə vəfat etməsi cəmiyyətdə haqlı narahatlıq doğurub.
Belə hallarda əsas sual qızdırmanın özü deyil, onun arxasında dayanan səbəblər və vaxtında tibbi müdaxilənin olub-olmamasıdır. Mütəxəssislər bildirir ki, qızdırma əslində orqanizmin müdafiə reaksiyasıdır, lakin bəzi hallarda ciddi və həyati təhlükəli xəstəliklərin ilkin əlaməti ola bilər.
Mövzu ilə bağlı həkim-pediatr Rəşad Əliyev NOCOMMENT.az-a bildirib ki, uşaqlarda yüksək qızdırma ən çox kəskin virus və bakterial infeksiyalar, ağır pnevmoniya, sepsis (qan zəhərlənməsi), meningit, beyin iltihabı, sidik yolları infeksiyaları və bəzən də gizli gedən ürək və ya qan xəstəlikləri fonunda baş verə bilər:
“Xüsusilə 39–40 dərəcədən yuxarı qalxan və dərmanlara tabe olmayan qızdırma artıq təhlükəli siqnaldır. Valideynlər çox vaxt qızdırmanı sadəcə soyuqdəymə kimi qiymətləndirir. Halbuki qızdırma ilə yanaşı halsızlıq, huşun bulanması, qusma, qıcolma, nəfəs darlığı, dəridə səpgilər və ya uşağın reaksiya verməməsi müşahidə olunursa, bu, artıq həyati riskdir və təcili tibbi yardım tələb edir”.
Həkim bildirir ki, bəzən uşaqlar xəstəxanaya gec çatdırılır və bu zaman artıq ağır fəsadlar inkişaf etmiş olur:
“Xüsusilə kənd və rayon yerlərində valideynlərin ev şəraitində qızdırmasalıcı dərmanlarla vəziyyəti “ötürməyə” çalışması ciddi risk yaradır. Qızdırmanı salmaq əsas məqsəd deyil, səbəbi tapmaq əsasdır. Antibiotiklərin özbaşına verilməsi, dozaların düzgün seçilməməsi və ya vaxt itkisi ölümcül nəticələrə gətirib çıxara bilər”.
Həkimin sözlərinə görə, belə hallarda valideynlərin etməli olduğu əsas addımlar aydındır:
“Uşaqda yüksək qızdırma müşahidə edildiyi andan etibarən onu nəzarətsiz buraxmamaq, qızdırma 24 saatdan çox davam edərsə və ya vəziyyət sürətlə ağırlaşarsa, dərhal xəstəxanaya müraciət etmək lazımdır. Xüsusilə azyaşlı uşaqlarda ev şəraitində “gözləmə” taktikası yolverilməzdir. Çünki uşaq orqanizmi sürətlə susuzlaşır və infeksiyaya qarşı müqaviməti zəif olur”.