AZ

Şizofreniya və epilepsiyaya qarşı laboratoriya üsulu - İsveç alimlərindən KƏŞF

İsveçin Lund Universitetinin alimləri beyin dəstək hüceyrələrini sinir fəaliyyətini tənzimləyən elementlərə çevirməyi bacarıblar. Bu hüceyrələr adətən şizofreniya və epilepsiyada zəif işləyir.

Redaktor.az xəbər verir ki,tədqiqatın nəticələri Science Advances (SciAdv) jurnalında dərc olunub.

Alimlər parvalbumin neyronları üzərində işləyiblər. Bu neyronlar beyin həyəcanı və sakitliyi arasında balansı qoruyur, neyron şəbəkələrinin ritmik və nizamlı fəaliyyətini təmin edir. Bu hüceyrələrin funksiyasının pozulması və ya sayının azalması şizofreniya, epilepsiya və digər nevroloji xəstəliklərin inkişafı ilə əlaqələndirilir.

Ən böyük çətinlik ondan ibarətdir ki, bu neyronlar embrionun inkişafının son mərhələlərində əmələ gəlir və laboratoriyada, hətta kök hüceyrələrdən istifadə edildikdə belə, əldə olunması çətindir.

Tədqiqatçılar alternativ üsul kimi qlial hüceyrələrin birbaşa proqramlaşdırılmasını təklif ediblər. Qlial hüceyrələr normalda neyronları qidalandırır, qoruyur və beyin toxumasının strukturunu dəstəkləyir.

Metodun mahiyyəti ondan ibarətdir ki, xüsusi genlər aktivləşdirilir və qlial hüceyrənin taleyi dəyişdirilərək onu parvalbumin neyronuna çevirir. Bu üsul kök hüceyrələr mərhələsini aradan qaldırır və prosesi sürətləndirir.

Alimin rəhbəri Railander Ottosson bildirib: "Müvafiq genləri aktivləşdirərək qlial hüceyrələri parvalbumin neyronuna çeviririk, kök hüceyrələrdən istifadə etmədən. Ümid edirik ki, yeni genlərin tətbiqi ilə bu metodu daha da təkmilləşdirə biləcəyik".

Gələcəkdə bu metod laboratoriyada xəstələrin neyron modellərini yaratmağa və şizofreniya, epilepsiya mexanizmlərini öyrənməyə imkan verəcək. Uzaq perspektivdə isə metod, itirilmiş və ya zədələnmiş neyronların birbaşa beyində əvəz olunmasına yönəlmiş hüceyrə terapiyasının əsası ola bilər.

Nuriyyə NATİQQIZI

Seçilən
102
1
redaktor.az

2Mənbələr