Bakı, 6 yanvar, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ölkələri müəyyən hallarda ABŞ Prezidenti Donald Trampın siyasəti ilə səsləşən daha sərt miqrasiya tədbirlərinə can atırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb. “Ölkələrin paytaxtları indi daha sərt tədbirlərə can atırlar ki, bu da bəzi hallarda ABŞ Prezidenti Donald Trampın repressiv miqrasiya siyasəti ilə səsləşir”, - deyə nəşr yazır.
Danimarkanın miqrasiya naziri Rasmus Stoklund qeyd edib ki, hələ bir neçə il əvvəl onu “irqçi fiqur” adlandırırdılar və digər Aİ ölkələri miqrasiya siyasətinin sərtləşdirilməsi ideyasına qarşı çıxırdılar. İndi isə getdikcə daha çox ölkə fərqli yanaşma nümayiş etdirir.
Bundan bir qədər əvvəl məlum olub ki, son 25 ildə ilk dəfə olaraq polyaklar Almaniyanı kütləvi şəkildə tərk edərək öz ölkələrinə qayıtmağa başlayıblar. Ekspertlər əks-miqrasiyanın mümkün səbəbi kimi Almaniyada iqtisadi vəziyyətin pisləşməsini, ayrı-seçkiliyi və Polşanın artan cəlbediciliyini göstərirlər.