Rusiyanın Yekaterinburq vilayətinin Jeleznedorojnıy Rayon Administrasiyasının rəhbəri Vitali Perşinin azərbaycanlı ailədən olan uşaqlara Yeni il hədiyyələri verməsi qalmaqala səbəb olub.
Turkustan.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Novaya gazeta” nəşri məlumat yayıb.
Bildirilir ki, dekabrın sonunda V. Perşin “Arzular yolkası” aksiyasında iştirak edib. Məmur 7 yaşlı Əliyə skuter, onun 8 yaşlı bacısı Milenaya və kiçik qardaşı Vaqifə əl işləri dəsti və şirniyyat hədiyyə edib.
Rayon administrasiyası tədbir haqqında məlumat paylaşdıqdan sonra sosial şəbəkə istifadəçilərinin tənqidləri ilə üzləşib.
Çoxsaylı tənqidlər fonunda administrasiya postu silmək məcburiyyətində qalıb. Meriyaya yaxınlığı ilə seçilən “Yekaterinburq. Qlavnoe” teleqram kanalı uşaqların valideynlərinin Azərbaycan əsilli olsalar da, 20 ildən çoxdur ki, Rusiya vətəndaşlığı aldıqlarını açıqlayıb.
“20 ildən çox bir müddətdə Rusiya vətəndaşı olan azərbaycanlı ailə. Deyəsən, belə bir şey ilk dəfədir baş verir. Bunu da gördükmü? Daha nə görəcəyik? “Arzular yolkası” üçün namizədləri milliyyətinə, dini etiqadına görə təsnif etmək təklifləri olubmu? Bunu da gözləyək? Suallar, əlbəttə ki, ritorikdir, lakin sırf insani baxımdan: hələ vəhşiləşməmişik ki?”, – teleqram kanalı yazıb.
Bildirilir ki, hadisədən sonra uşaqların atası Perşindən hədiyyələri geri götürməsini xahiş edib.
Qeyd edək ki, Rusiyada “Arzular yolkası” uşaqların, yaşlıların və əlillərin Yeni il arzularını yerinə yetirməyə yönəlmiş federal xeyriyyə aksiyasıdır. Rusiya Prezidenti Vladimir Putin də ənənəvi olaraq bu aksiyada iştirak edir.