Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra sülh quruculuğu, regional əməkdaşlıq və kommunikasiya xətlərinin açılması ölkənin xarici siyasətinin əsas prioritetlərdən birinə çevrilib.
Bu mənada, Prezident İlham Əliyevin ötən gün yerli telekanallara verdiyi müsahibədə səsləndirdiyi fikirlər dövlətin bu məsələlərə ayrı-ayrılıqda deyil, məhz regional sülh kontekstində yanaşdığını göstərdi.
Dövlət başçısı verdiyi cavablarda faktiki olaraq bölgənin uzunmüddətli inkişafının strateji yol xəritəsini cızdı. Azərbaycan regional əməkdaşlığın bütün iştirakçılar üçün faydalı olmasını prioritet sayır ki, bu da həm iqtisadi, həm də kommunikasiya təşəbbüslərində aydın görünür. Bu yanaşma, eyni zamanda, Azərbaycanın regionda əsas nəqliyyat-logistika mərkəzinə çevrilməsini, iqtisadi imkanlarının genişlənməsini və geosiyasi mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Buna paralel isə dayanıqlı sülh və açıq kommunikasiyalar ölkənin təhlükəsizliyinə uzunmüddətli zəmanət yaradaraq sosial-iqtisadi inkişaf üçün yeni perspektivlər açır.
Təbii ki, Azərbaycan, ilk növbədə, özünün milli maraqlarından çıxış edir və Prezident İlham Əliyevin müəllifi olduğu sülh gündəliyinin əsas benefisiarı da onun öz ölkəsi olmalıdır.
Zəngəzur dəhlizinin reallaşması Azərbaycan üçün mühüm siyasi və iqtisadi dividendlər vəd edir. Bu kommunikasiya xətti ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artıraraq Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin funksional inteqrasiyasını təmin edəcək. Tranzit daşımalarından əldə olunacaq əlavə gəlirlər, yük dövriyyəsinin artması və yeni logistik infrastrukturların formalaşması qeyri-neft sektorunun inkişafına güclü stimul verəcək. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının ölkənin əsas hissəsi ilə birbaşa quru əlaqəsinin bərpası daxili iqtisadi əlaqələri möhkəmləndirəcək, istehsal və ticarət imkanlarını genişləndirəcək.
Bütün bunlar Azərbaycanın regional iqtisadi proseslərdə aparıcı mövqeyini daha da gücləndirərək uzunmüddətli dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradacaq.
Kommunikasiya xətlərinin açılması, həmçinin Azərbaycanın Cənubi Qafqazda aparıcı siyasi aktor kimi mövqeyini daha da gücləndirir və onun təşəbbüslərinin regional gündəliyi formalaşdıran əsas amilə çevrildiyini göstərir.
Türkiyə baxımından isə bu marşrutlar Orta Asiya və Xəzər hövzəsinə birbaşa çıxışı gücləndirir, Ankara-Bakı strateji tərəfdaşlığını yeni iqtisadi məzmunla zənginləşdirir və Türkiyənin Avrasiya miqyaslı nəqliyyat və ticarət şəbəkələrində açar oyunçu rolunu daha da möhkəmləndirir.
Kommunikasiyaların açılmasını bölgədə sülh quruculuğu kontekstində nəzərdən keçirdikdə görərik ki, Azərbaycan torpaqlarını işğaldan azad etməklə həm də Ermənistanı özünütəcrid vəziyyətindən xilas edib. Müharibədə məğlub olmuş Ermənistan ilk illərdə kommunikasiyaların açılmasını əngəlləməyə çalışsa da, sonradan praqmatik yanaşma üstün gəlib və bu gün Azərbaycan Prezidentinin də dediyi kimi, Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir:
"Mən inanmıram ki, Ermənistan bu məsələdən boyun qaçırsın, bu, özünəqəsd kimi qiymətləndirilə bilər. Xüsusilə, nəzərə alsaq ki, Amerika Prezidenti Tramp bu yola öz adını verib, artıq bu, onun yoludur. Ermənistandan da gələn xəbərlər onu göstərir ki, bu il bu yolun fiziki tikintisi nəzərdə tutulur".
Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın Naxçıvan üzərindən İranın, Azərbaycan vasitəsilə isə Rusiyanın dəmir yollarına çıxış əldə etməsi ölkənin iqtisadi dirçəlişi üçün mühüm imkanlar yaradır. Bu, hazırda əsasən Gürcüstan üzərindən həyata keçirilən və risklərə açıq olan ticarət marşrutlarını şaxələndirərək idxal-ixrac əməliyyatlarını daha ucuz, sürətli və etibarlı edəcək. Regional dəmir yolu və logistika layihələrinə qoşulmaq Ermənistanın tranzit rolunu gücləndirəcək, ticarət dövriyyəsinin və investisiya axınının artmasına şərait yaradacaq.
Prezidentin qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması Ermənistanın mövcud iqtisadi dalandan çıxması baxımından xüsusi əhəmiyyət daşıyır. Struktur böhranı və məhdud bazar çıxışları ilə üzləşən ölkə üçün bu təşəbbüslər regional bazarlara inteqrasiya, dəyər zəncirlərinə qoşulma və tranzit potensialının reallaşdırılması imkanı yaradır. Xüsusilə, Türkiyə istiqamətində yolların açılması Ermənistanın Avrasiya bazarlarına çıxışını genişləndirərək ticarət dövriyyəsini artırır və iqtisadi asılılığın azalmasına töhfə verir.
Rəsmi Bakının region üçün sülh gündəliyi yalnız diplomatik anlaşmalarla məhdudlaşmır. Azərbaycanın real nəqliyyat və iqtisadi infrastruktur layihələri ilə çıxış etməsi əldə edilmiş sülhün bünövrəsini möhkəmləndirir.
Bu yanaşma işğal, separatizm və münaqişə sonrası regionda davamlı stabillik üçün çox vacibdir. Azərbaycanın siyasətinin mahiyyəti bundan ibarətdir ki, sülh yalnız münaqişənin dayandırılması deyil, eyni zamanda, şəbəkələşmə, qarşılıqlı iqtisadi fayda və inteqrasiya prosesidir.
Prezident İlham Əliyevin müsahibəsi də göstərdi ki, Azərbaycan yalnız sülh barədə danışmır, bu yolda sistemli, qətiyyətli və konkret addımlar atır. Bu siyasət yalnız bir ölkənin maraqlarını deyil, bütün region dövlətlərinin inkişaf perspektivlərini nəzərə alır və sülhü əsl praktik meyarlarla ölçür.
Bu, regional sülh və əməkdaşlıq perspektivlərinin reallığa çevrilməsi üçün ən inandırıcı modeldir və Azərbaycanın strategiyasının əsas məğzini təşkil edir.
Kamil Məmmədov