Sahil Kərimli: “Ermənistan Aİİ-ni yox, AB-nı seçəcək”
Ermənistan həm Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür, həm də Avropa Birliyinə (AB) üzv olmağa can atır və AB ilə münasibətləri dərinləşdirmək istiqamətində siyasət həyata keçirir.
Bu gün isə rəsmi İrəvan AB və Aİİ arasında seçim etmək qarşısında qalıb. Ötən ilin dekabr ayının sonlarında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuata bildirib ki, AB və Aİİ arasında seçim edəcəklər. “Əgər bir gün Avropa İttifaqına qoşulmaq məsələsi ortaya çıxsa, Avrasiya İqtisadi Birliyi məsələsi də mütləq ortaya çıxacaq və bu an gələndə, biz əyləşib qərar qəbul edəcəyik...” deyə Mirzoyan qeyd edirdi. Təbii ki, Ermənistanın bir-biri ilə əks qütübdə olan iki təşkilata eyni vaxtda üzv ola bilməz və bu baxımdan seçim edəcək. Yeri gəlmişkən, dekabrın əvvəllərində jurnalistlərlə söhbətində Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da “Ermənistan hansısa məqamda Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməyə məcbur olacaq. Hər iki birlikdə eyni zamanda qalmaq mümkün deyil”-deyə bildirirdi.
Bu gün isə Ermənistan iki qurum arasında seçim etməyə hazırlaşır. Hansını seçəcəyini sətiraltı da olsa dilə gətiriblər.
“İrəvan Rusiyanın təsiri altından çıxaraq...”
Politoloq Sahil Kərimli baki-xeber.com-a bildirdi ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan üçün Avropameyilli siyasət müəyyən edib.
“İqtisadi baxımdan da Avropayönlü siyasi kurs həyata keçirmək Nikol Paşinyanın növbəti dövrlərdə qarşıda duran əsas prioritetlərindən biri olacaq. Bu gün rəsmi İrəvan AB ilə iqtisadi əlaqələrin gücləndirilməsinə önəm verəcək. Fikrimcə, Ermənistan Avropa istiqamətinə üz tutacaq və bununla da Aİİ-dən uzaqlaşmaq məsələləri ön plana çıxacaq. Ermənistan bütün istiqamətlərdə, o cümlədən də hərbi və siyasi baxımdan Rusiyadan uzaqlaşmaq siyasəti seçib. İrəvan Rusiyanın təsiri altından çıxaraq tamamilə Avropaya üz tutmaq niyyətindədir”.
S.Kərimli hesab edir ki, bu baxımdan AB-la iqtisadi əməkdaşlığın həyata keçirilməsi Ermənistanın gələcəkdə əsas prioritetlərindən biri olacaq: “Əgər seçim qarşısında qalarsa böyük ehtimalla Ermənistan Aİİ-nı yox, AB-ı seçəcək. Bu da rəsmi İrəvanın birdəfəlik Rusiyanın və onun nəzarətində olan bir çox qurumlardan Ermənistanın uzaqlaşmasına gətirib çıxaracaq”.
İradə SARIYEVA