AZ

15 milyonluq sual: AYNA bu vəsaiti hara xərcləyib?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) baş verən qanunsuzluqlar haqqında çox yazılıb. Bu barədə biz də yazmışıq. Amma əfsus ki, medianın həyəcan təbilinə səs verənlər tapılmır. Halbuki cənab Prezident İlham Əliyevin yerli televiziya müxbirlərinə verdiyi son müsahibədə də o qanun pozuntularından xəbərdar olub qarşısının alınmasında medianın rolunun əhəmiyyətini yüksək qiymətləndirdi. Amma əliəyriləri islah etmək çətindir. Yəqin AYNA rəhbəri Anar Rzayev və onun əlaltıları, havadarlarının işbazlığı ona nəzarət etməli olanları qane edir.

AYNA-nın sərnişindaşımada bərbad fəaliyyəti və ya fəaliyyətsizliyi, beynəlxalq yükdaşımalarda Anar Rzayevin qohum-əqrəbasının, yaxınlarının dövlət rüsumundan başqa öz rüsumlarını tətbiq etmələri, beynəlxalq yükdaşıma ilə məşğul olanlara Anar müəllimin şərtlərini yetirdikdən sonra icazə sənədlərinin verilməsi bu təşkilatda dövlət qaydalarına paralel qaydaların mövcudluğundan xəbər verir.

İş o yerə çatıb ki, katriclərin alınması, doldurulmasını da tender adı ilə sənədləşdirib dövlətin pullarını mənimsəyirlər. Özü də həmişə nədənsə eyni şirkət qazanır. İndi də bu əməliyyatdan 220 min manat gəlir götürüb.

Bu yaxınlarda Hesablama Palatasının Yerüstü Nəqliyyat Agentliyində apardığı yoxlamalar nəticəsində məlum olub ki, 15 milyon yeyinti var. Yol nişanlarına, yol xətlərinin çəkilib boyanmasına bu qədər vəsaitin sərf olunmasını görəsən AYNA rəhbərliyi necə izah edəcək? Tenderlərdə həmişə demək olar eyni şirkətlərin “qalib” olması bu prosesə nəzarət etməli olanları çoxdan narahat etməli idi. Rahat oturub səsləri çıxmırsa, demək onları rahat edən maraq var.

Ümid edirik ki, hüquq-mühafizə orqanları, dövlət təşkilatları bu qaranlıq məqamlara heç olmasa bu dəfə fikir verib tədbir görərlər. Eyni hərəkəti AYNA-nın tabe olduğu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyindən də gözləyirik. Hərçənd ki, inandırıcı görünmür. Bu illərdə tədbir görməyən vəzifəli şəxslərdən müsbət nəsə gözləmək məntiqə sığmır.Referans.az

Seçilən
39
1
busaat.az

2Mənbələr