ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Prezidentin mətbuata verdiyi müsahibəsində ölkədə operativ idarəçilik sisteminə keçməklə bağlı fikirlər təsədüfən səslənmədi
Son illər Azərbaycanda icra hakimiyyətlərinin və digər bir neçə qurumun ləğvi haqda müzakirələr gedir. Əsas müzakirə isə rayon-şəhər icra hakimiyyətlərinin daha çevik mexanizmlə əvəzlənməsi istiqamətindədir. Bildirilir ki, bu, köhnəlmiş sistem olduğu üçün həm rüşvət və korrupsiyaya asan imkanlar yaradır, həm də idarəetmədə ləngimələrə, bürokratiyaya gətirib çıxarır.
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bu mövzuya da toxunub. Ölkə başçısı deyib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.
Prezidentin bu sözləri deməyə əsas verir ki, yaxın vaxtlarda ölkədə ciddi dəyişikliklər baş verəcək. Əsasən də icra hakimiyyəti strukturunda köklü islahatlara şahidlik edəcəyik. İlham Əliyev həmçinin bildirib ki, daha az məmurla çevik idarəetmə sistemi yaradılmalıdır. Bu da o deməkdir ki, həm xeyli ixtisarlar aparılacaq, həm də yüksək vəzifələr tutan çoxsaylı məmur ordusu idarəetmədən uzaqlaşdırılacaq.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Sherg.az” a açıqlamasında bildirib ki, indiki İcra hakimiyyətləri Sovetlər dönəmindən qalmış və yeni dövrün çağrışlarına qətiyyən uyğun gəlməyən bir idarəçilik aparatıdır. Bu paslanmış idarəçilik sistemini çoxdan ləğv etmək lazım idi:
“Son zamanlar yerlərdə İcra hakimiyyəti başçılarının törətdikləri özbaşınalıqlar bir daha sübut edir ki, bu idarəçilk sistemi öz çöküşünü yaşayır. Bu gün Azərbaycanda ümumilikdə 87 İcara hakimiyyəti fəaliyyət göstərir. Bu qədər İcra hakimiyyətinə rəhbər vəzifəyə normal kadrları tapıb təyin etmək də o qədər asan məsələ deyil. Bir başqa məsələ onların fəaliyyətinə nəzarətin təşkilində yaranan çətinliklərdir. O, səbəbdən yerlərdəki mövcud idarəçilik sisteminmi kökündən ləğv edib, 14 iqtisadi rayon üzrə Prezidentin nümayəndəliklərini yaratmaq lazımdır. Bu halda regionların problemlərinin həlli ilə də 87 İcra başçısı deyil, 14 nümayəndə məşğul olacaqdır və yerlərdəki vəziyyətlə bağlı hesabatda onlardan soruşulacaqdır. Artıq bu təcrübə bir neçə ildir ki, sınaqdan çıxarılıb”.
F. Yusifovun sözlərinə görə, yerlərdə yeni idarəçilik sisteminə keçmək üçün ölkə Konstitusiyasında uyğun dəyişikliklər edilməlidi: “Düşünürəm ki, bunun zamanı artıq çatıb və Prezidentin mətbuata verdiyi müsahibəsində ölkədə operativ idarəçilik sisteminə keçməklə bağlı fikirlər təsədüfən səslənmədi. Bu gün yerli icra hakimiyyətlərinin böyük strukturu da büdcə üçün lazımsız bir yükdür. Yerlərdə yaradılacaq yeni nümayəndəliklərdə idarəçiliyi az lakin bacarıqlı, peşəkar kadrlar vasitəsilə həyata keçirmək gərəkdir. Bu idarəçilikdə çevikliyi təmin edəcək və yerlərdə yaranan problemlərin operativ həllinə yol açacaqdır”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.