BAKI, 6 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ilk prezidentlik dövründən bəri Qrenlandiyanı əldə keçirmək istədiyini bildirirdi, amma indi onun bəyanatları daha sərt xarakter alıb.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Amerika lideri üçün ada iki vacib səbəbə görə önəmlidir.
Milli təhlükəsizlik
Qrenlandiya dünyanın ən böyük adasıdır, Danimarkanın yarımuxtar ərazisi sayılır. Əhalisi 57 min nəfərdir. Qrenlandiya NATO-nun təsisçilərindən biridir, burada böyük ABŞ hərbi bazası yerləşir.
Adanın Şimal qütbü ətrafında - ABŞ, Rusiya və Avropa arasında yerləşməsi ona unikal geosiyasi üstünlük verir. ABŞ 150 ildən çoxdur bura maraq göstərir. Coğrafi mövqeyi xüsusilə indiki gərgin dövrdə adanın cəlbediciliyini artırır. Arktika getdikcə nəqliyyat və ticarət üçün açılır.
Qrenlandiyanın alınması ideyası Tramp üçün yeni deyil, bu məsələni ilk prezidentlik dövründə də qaldırıb. Adanın ABŞ-nin milli təhlükəsizliyi üçün potensial faydasını dəfələrlə vurğulayıb.
Təbii resurslar
Adada telekommunikasiya üçün lazım olan qiymətli nadir torpaq mineralları, uran, istifadə olunmamış milyardlarla barel neft və böyük qaz ehtiyatları mövcuddur. Hazırda bu mineralların çoxu əsasən Çin tərəfindən təmin olunur, buna görə də ABŞ özünə yaxın olan bu resursları mənimsəməkdə maraqlıdır.