Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq hüquq normaları, suverenlik prinsipi, ərazi bütövlüyü və dövlətlərin bərabərliyi kimi fundamental anlayışlar bu gün getdikcə daha çox selektiv şəkildə tətbiq olunur. Güclü dövlətlərin maraqları əksər hallarda hüquqi mexanizmləri üstələyir, beynəlxalq təşkilatlar isə obyektiv arbitraj rolunu itirərək siyasi təsir alətinə çevrilir. Məhz bu reallıq fonunda Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər qlobal miqyasda mövcud ziddiyyətlərin açıq ifadəsi kimi dəyərləndirilə bilər.
Bu gün dünyada yeni qüvvələr balansının formalaşdığını, beynəlxalq münasibətlər sistemində köklü və artıq dönməz dəyişikliklərin baş verdiyini demək olar ki, hər kəs qəbul edir. Bu yazımızda məhz həmin tezislərin arxasında dayanan səbəbləri, Azərbaycanın yaşadığı tarixi təcrübəni və dəyişən qlobal nizamda ölkəmizin tutduğu mövqeyi birlikdə təhlil edəcəyik.
Dünyada yeni qüvvələr balansının formalaşdığı bu mürəkkəb prosesdə yalnız güclü, daxili sabitliyə və aydın strateji baxışa malik olan dövlətlər öz milli maraqlarını qoruya bilir. Şahidi olduğumuz geosiyasi transformasiyalar beynəlxalq münasibətlər sistemində fundamental dəyişikliklərə yol açır. Müasir dövrdə dövlətlərin suverenliyini və milli maraqlarını qoruması təkcə beynəlxalq hüququn kağız üzərində mövcud olan normaları ilə deyil, real hərbi-siyasi potensial, daxili sabitlik və çevik strateji manevr imkanları ilə ölçülür. Bu prosesdə Azərbaycan hadisələrin axarını kənardan izləyən passiv tərəf deyil, regionun və daha geniş coğrafiyanın gələcəyinə təsir göstərən aktiv aktor kimi çıxış edir.
Prezident İlham Əliyevin “Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur” fikri emosional bəyanat deyil, uzun illər ərzində müşahidə olunan faktlara əsaslanan siyasi diaqnozdur. Azərbaycan beynəlxalq hüququn formal olaraq mövcud, lakin real icra mexanizmləri baxımından işləmədiyinin ən bariz nümunələrindən biridir. BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnaməsinin onilliklər ərzində icrasız qalması bu sistemin iflasını açıq şəkildə ortaya qoydu. Nə sanksiyalar tətbiq olundu, nə də effektiv icra mexanizmi işə salındı. Əksinə, “status-kvo”nun qorunması adı altında işğal faktiki olaraq legitimləşdirildi.
Bu reallıq Azərbaycanın xarici siyasət kursunun formalaşmasında həlledici rol oynadı. Bakı illüziyalar üzərində deyil, real güc balansı və milli maraqlar əsasında siyasət yürütməyə üstünlük verdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, müasir dünyada nəticə əldə etmək üçün güc, müttəfiqlik, qarşılıqlı dəstək və əməkdaşlıq əsas həlledici amillərə çevrilib. Azərbaycan məhz bu prinsiplər üzərində çoxşaxəli, praqmatik və çevik xarici siyasət strategiyası qurdu.
Bir tərəfdən Azərbaycan regionda hərbi-siyasi gücünü ardıcıl şəkildə artıraraq öz təhlükəsizliyini təmin etdi, digər tərəfdən isə balanslaşdırılmış diplomatiya xətti vasitəsilə böyük güclər arasında manevr imkanlarını qoruyub saxladı. Türkiyə ilə strateji müttəfiqlik münasibətləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində dərinləşən inteqrasiya, Qoşulmama Hərəkatında fəal mövqe, Avropa İttifaqı və Asiya dövlətləri ilə praqmatik əməkdaşlıq bu siyasətin əsas dayaqlarını təşkil edir. Azərbaycan nə hansısa blokun peykinə çevrildi, nə də öz milli maraqlarını başqalarının geosiyasi planlarına qurban verdi.
2020-ci ildə Vətən müharibəsi isə beynəlxalq hüququn kağız üzərində qaldığı bir şəraitdə Azərbaycanın öz hüququnu öz gücü ilə təmin etməsinin real nümunəsi oldu. Azərbaycan BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa etdi. Maraqlıdır ki, illər boyu “sülh”, “danışıqlar” və “vasitəçilik” çağırışları edən bir çox beynəlxalq aktorlar bu prosesdə yenə də passiv mövqe tutdu, bəzi hallarda isə açıq-aşkar ikili standartlar nümayiş etdirdi.
Beləliklə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə Azərbaycanın mövqeyi deyil, mövcud qlobal sistemin real vəziyyətinin obyektiv təsviridir. Beynəlxalq hüquq formal çərçivə kimi mövcud olsa da, onun icrası birbaşa güc amili ilə bağlıdır. Azərbaycan bu reallığı vaxtında dərk edərək xarici siyasətini milli maraqlar, güclü dövlətçilik və etibarlı müttəfiqlik prinsipləri üzərində qurub. Mövcud geosiyasi şəraitdə məhz bu yanaşma Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin və regional mövqeyinin qorunmasının əsas təminatçısı olaraq qalır.
Səbuhi MƏMMƏDOV
XQ