AZ

Kadr islahatı: Dövlətə, vətəndaşa xidmət etməyənlərə yer yoxdur - Şərh

“Prezident İlham Əliyevin yerli mediaya verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycanda dövlət idarəçiliyində şəxsi maraqlara yer yoxdur. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən xüsusi nümayəndəlik institutu sadəcə idarəçilik modeli deyil, bu, dövlətin məmura verdiyi etimadın ciddi sınağıdır”. 

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat qeyd edib ki, cənab Prezident müsahibəsində  açıq şəkildə bəyan etdi: “Əgər bu idarəetmə modeli özünü doğruldarsa, biz onu Azərbaycanın digər bölgələrində də tətbiq edəcəyik”.
Bu, eyni zamanda açıq mesajdır ki, idarə edə bilməyən, məsuliyyət daşıya bilməyən, vətəndaşla davranmağı bacarmayan kadrlar sistemdən kənarlaşdırılacaq.

Gənclik üstünlük deyil, məsuliyyətdir

Deputat əlavə edib ki, son illər Azərbaycanda gənc kadrların, gənc icra başçılarının irəli çəkilməsi Prezidentin şəxsi siyasi iradəsinin nəticəsidir: “Lakin dövlət başçısı müsahibəsində açıq şəkildə vurğuladı ki, yaş faktoru heç vaxt toxunulmazlıq demək deyil.
Problem təkcə gənc olmaqda deyil. Problem idarəçilik mədəniyyətinin olmamasındadır, vətəndaşla rəftarı bilməməkdədir, iş adamlarını incitməkdədir, vəzifədən şəxsi maraqlar üçün istifadə etməkdədir, qanunu “əyriliklə” aşmaq vərdişindədir.
Prezident İlham Əliyev bu məsələdə mövqeyini dəfələrlə sərt ifadə edib: “Məmur özünü xalqdan üstün hesab etməməlidir. Məmur bilməlidir ki, o, vətəndaşa xidmət etmək üçün təyin olunub”.

Hüquq-mühafizə sistemi işləyir, güzəşt yoxdur
Dövlət başçısının yaratdığı sistemin ən mühüm göstəricilərindən biri budur ki, özünü doğrultmayan, korrupsiyaya bulaşan, səlahiyyətindən sui-istifadə edən kadrlar ifşa olunur və məsuliyyətə cəlb edilir.
Hüquq-mühafizə orqanlarının apardığı əməliyyatlar açıq göstərir ki, heç kim toxunulmaz deyil, vəzifə qalxan deyil, Prezidentin etimadı sui-istifadə predmeti deyil.

Cənab Prezident müsahibəsində bunu xüsusi vurğuladı ki, “Biz daim nəzarət edirik. Öz vəzifəsini yerinə yetirməyən, etimadı doğrultmayan məmurlar dərhal dəyişdirilir.”
İdarəetmənin mahiyyəti: vətəndaşa xidmət
Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsi çox sadə və birmənalıdır: məmur vətəndaş üçündür, vətəndaş məmur üçün yox.
Dövlət başçısı açıq şəkildə bəyan edir ki, “Məmurun işi şəxsi biznes qurmaq deyil, vətəndaşa xidmət etməkdir.”
İdarəetmənin effektivliyi isə şəffaflıqla, operativliklə, vətəndaş məmnunluğu ilə ölçülür.
Bu prinsipləri anlamayan, qəbul etməyən kadrların bu sistemdə gələcəyi yoxdur”.

Deputat deyib ki, kadr islahatı davamlı prosesdir:
“Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, kadr islahatı birdəfəlik aksiya deyil, davamlı prosesdir. Dövr dəyişir, çağırışlar dəyişir, idarəçilik də dəyişməlidir.
“Dövrün tələbinə cavab verən, bilikli, peşəkar, məsuliyyətli kadrlar daim irəli çəkiləcək.”
Amma eyni zamanda mesaj da aydındır ki, kimliyindən asılı olmayaraq, gənc və ya yaşlı olmasından asılı olmayaraq, kiminsə himayəsində olub-olmamasından asılı olmayaraq öz yerində olmayan kadr güzəşt görməyəcək. Odur ki. dövlətçilik şəxsi ambisiyalardan üstündür. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi mesajların ümumi fəlsəfəsi budur: Dövlətçilik şəxsi maraqlardan, şəxsi ambisiyalardan, şəxsi qazancdan üstündür.
Azərbaycanın gələcək inkişafı da məhz güclü idarəetmədən, peşəkar kadrlardan, vicdanlı məmurlardan keçir.

Bu xətt dəyişməyəcək. Bu siyasət davam edəcək.
Və bu prosesdə yalnız layiqlilər qalacaq”.

 Mürtəza

Seçilən
69
1
olke.az

2Mənbələr