Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycan Prezidentinin nəzərdə tutduğu əsas məsələ ondan ibarətdir ki, artıq dünyada beynəlxalq hüquq nizamı işləmir. İndi hüququn deyil, gücün üstünlüyü ön plana çıxıb; yəni "hüququn üstünlüyü" prinsipi artıq sıradan çıxıb. Belə olan halda, bizim kimi dövlətlərin regional güclərlə birləşməsi, qlobal güclərlə ortaq dil taparaq milli maraqları qoruması və yeni təhlükəsizlik arxitekturası qurması mütləqdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib.
Ekspert Rusiya-Ukrayna müharibəsini misal gətirərək qeyd edib ki, Ukrayna 50 milyonluq əhalisi və 600 min kvadratkilometr ərazisi olan bir ölkə olsa da, bu gün düşdüyü vəziyyət göz qabağındadır. “Müharibə səbəbindən 6 milyon insan ölkəni birdəfəlik tərk edib, 8 milyon insan isə ölkə daxilində miqrasiya etməli olub. Üstəlik, Ukrayna ərazisinin 20 faizindən çoxu hazırda işğal altındadır. Ukrayna kimi orta ölçülü bir ölkə öz təhlükəsizliyini təmin etməkdə çətinlik çəkirsə, ərazisi 86.6 min kvadratkilometr olan, coğrafi baxımdan Rusiya və İranla qonşuluqda yerləşən Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün maksimum dərəcədə hazırlıqlı olmalıdır”, - deyə o əlavə edib.
Samir Hümbətov diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsində qalib gəlmək Azərbaycan üçün böyük bir üstünlükdür. Ordumuz artıq dünyanın ən peşəkar orduları səviyyəsinə yüksəlib. Lakin bununla kifayətlənmək olmaz, çünki ətrafımızda bizdən daha güclü dövlətlər var. Hazırda hər bir dövlət “neorealizm” nəzəriyyəsi əsasında hərəkət etməyə başlayıb. Belə bir şəraitdə ordumuz daha peşəkar və daha güclü olmalı, bunun üçün də güclü dövlətlərlə əməkdaşlıq dərinləşdirilməlidir.
Politoloq ölkəmiz üçün bu məsələdə strateji müttəfiq kimi, təbii ki, qardaş Türkiyə olduğunu deyib: “Biz Türkiyənin əlaqələri dərinləşdirməklə öz təhlükəsizlik tədbirlərimizi daha üst səviyyəyə qaldıra bilərik. Bunun üçün kifayət qədər baza var. 2021-ci ilin iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi bu iş üçün əsas bazadır. Amma biz bunla kifayətlənməliyikmi? Xeyr. Lakin bununla da kifayətlənməməliyik. Artıq burada yeni bir seçim etmək lazımdır. Bura digər türk dövlətlərini əlavə etmək lazımdır”.
Ekspert deyib ki, “Türkiyə + Azərbaycan + Türk dövlətləri" formatı ilə nəhəng bir güc formalaşdıra bilərik. Əgər bu dövlətlər bizimlə birgə təlimlərə qoşularsa və vahid hərbi təhlükəsizlik sahəsində addımlar atılarsa, bu, təxminən 2 milyona yaxın bir ordu deməkdir ki, bu da çox ciddi bir qüvvədir.
S.Hümbətovun fikrincə, Prezident öz müsahibəsində məhz bu gələcək modelin "şifrələrini" verdi. O, gələcək təhlükələrin haradan gələ biləcəyini və bu təhdidlərdən qorunmaq üçün hansı vasitələrin məqsədəuyğun olduğunu aydın şəkildə ifadə etdi. Hesab edirəm ki, dövlət başçısının müsahibəsinin əsas istiqamətləri bu cür qiymətləndirilməlidir.