“Bavariya”nın qapıçısı Manuel Noyer gələcəyi və klubla müqaviləsinin uzadılması ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı qolkiper bunları deyib:
“Optimistəm. Amma hələlik bir az gözləmək və qarşıdakı bir neçə ayın necə keçəcəyinə baxmaq istəyirəm. Güclü oyun göstərməyə çalışacağam. Martın sonu və ya apreldə qərar veriləcək. O vaxta qədər neçə oyun keçirdiyimi və özümü necə hiss etdiyimi biləcəyəm. Tezliklə 40 yaşım tamam olacaq, ona görə də karyeramı tam əminliklə davam etdirə biləcəyimi anlamaq vacibdir. Klubla münasibətlər çox yaxşıdır — görək davam edəcək, ya yox”.
Qeyd edək ki, Noyer 2011-ci ildə “Şalke”dən “Bavariya”ya 30 milyon avroya transfer olunub. O vaxtdan bəri Münhen klubunun heyətində 581 oyun keçirib, 480 qol buraxıb və 271 matçda qapısını toxunulmaz saxlayıb. Təcrübəli qapıçının “Bavariya” ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədərdir, lakin onun uzadılması ilə bağlı danışıqlar hazırda dayandırılıb.